Mikayıl Cabbarov "Son zəng" təəssüratlarını açıqladı

31 May 2013 15:34 (UTC+04:00)
"Həyatda övladlarınıza verdiyiniz ən yaxşı miras onların təhsilidir. Belə bir nəticənin əldə edilməsi üçün məktəblərdə münbit və lazımlı şərait yaradılmalıdır". Mövqe.az-ın məlumatına görə, bunu bu gün təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərinin 200 saylı tam orta məktəbində keçirilən "Son zəng" tədbirində çıxışı zamanı deyib:

"Son zəng" həm kədərli, həm də sevincli gündür. Bu gün ona görə sevinclidir ki, artıq həyatın bir mərhələsi sona çatır və yenisi başlayır. Ona görə kədərlidir ki, illərlə doğma olan dostlarımızla vidalaşırıq".

Məzunlara bundan sonrakı fəaliyyətlərində uğur arzulayan nazir onların hər birinin qarşılarına qoyduqları məqsədə çatacaqlarına əmin olduğunu deyib. Onun sözlərinə görə, insan öz məqsədinə çatmaq üçün buna inanmalıdır. Orta məktəbi həyatın ən önəmli məktəbi sayan nazir müəllimləri və validyenləri də təbrik edib: "Valideynlərə təşəkkür edərək demək istəyirəm ki, hər biriniz müasir Azərbaycan üçün övlad və layiqli vətəndaş yetişdirmisiniz. Həyatda övladlarınıza verdiyiniz ən yaxşı miras isə onların təhsilidir. Belə bir nəticənin əldə edilməsi üçün məktəblərdə münbit və lazımlı şərait yaradılmalıdır. Təhsil naziri olaraq bunun həllini valideynlərin məktəblərin idarə edilməsindəki rolunda görürəm".