Qızılın sürətlə dəyər itirməsi Azərbaycan üçün də problemlər yaradır

31 May 2013 17:57 (UTC+04:00)

Bilindiyi kimi son aylarda qızılın qiyməti sürətlə dəyərdən düşür. Buna rəğmən,  ən çox maraq doğuran məsələlərdən biri isə Azərbaycanın dünya bazarlarından daha çox qızıl almağa başlamasıdır. Beynəlxalq Valyuta Fondu (BVF) bildirir ki, təkcə aprel ayında Azərbaycan 32 min unsiya (992 kiloqram) qızıl alaraq, ehtiyatını 129 min unsiya (3 min 999 kiloqrama) səviyyəsinə yüksəldib: "Dördüncü aydır ki, Azərbaycan ardıcıl qızıl alır. Azərbaycanın dekabrda qızıl ehtiyatı olmayıb. Aprel ayında Rusiya 269 min unsiya qızıl alaraq, ehtiyatını 31,8 milyon unsiyaya, Qazaxıstan isə 85 min unsiya alaraq, ehtiyatını 4 milyon unsiya səviyyəsinə çatdırıb".

O da məlum olub ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatları 2013-cü ilin sonuna kimi 30 tona çatdırılacaq. Fondun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, indiyədək Fond tərəfindən 22-23 ton qızıl alınıb və bunun 7-8 tonu artıq Azərbaycana gətirilib. ARDNF başçısı həmçinin bildirilib ki, Fond bu ilin sonuna kimi alınmış qızılın tam şəkildə ölkəyə gətirilməsinə çalışacaq.Ş.Mövsumov bəyan edib ki, dünya bazarlarında qızılın qiymətində müşahidə olunan dəyişkənlik ARDNF-i narahat etmir və Fond qiymətin aşağı düşməsi səbəbindən qızılı satmaq niyyətində deyil. Lakin indi alınan qızıl dəyərdən düşdükcə, bu, Azərbaycanın ona yatrılan vəsaitdə itki ilə üzləşməsi deməkdir. Məsələyə münasibət bildirən  İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Rəşad Həsənov  Mövqe.az-a açıqlamasında bildirib: "Neft vəsaitlərinin idarə edilməsi haqqında qanunlar imkan verir ki, fond ehtiyat vəsaitlərinin 5%-i həcmində qızıl ehtiyatı yaratsın. Bu prizmadan yanaşdıqda atılan addım heç də qeyri-adi deyil. Lakin bəzi nüanslar diqqətdən yayınmamalıdır. Belə ki, Neft Fondu qızıl ehtiyatı yaratmaq haqqında qərarı nə üçün 2012-ci ildə verib? Hər kəsə məlumdur ki, qızıl 2008-ci il dünya maliyyə böhranından sonra daha ehtibarlı yığım vasitəsi kimi sürətlə bahalaşdı və bu proses gözlənilən idi. Çünki, iqtisadi böhran investorları tədirgin etdiyi üçün onlar vəsaitləri passiv, lakin daha etibarlı olan qızılda saxlamağa üstünlük verəcəkdi. Məhz bu vaxt Neft Fondu qızıl almış olsa idi, həm daha cox gəlir əldə etmiş olardıq və həm də fond vəsaitlərinin bir qismini taleyi müxtəlif ölkələrin valyuta məzənnələrinin tərəddüdlərdən sığortalanmış olardı.


Digər bir narahatedici məqam alınan qızılın miqdarının çox olmasıdır. Qısa müddət ərzində Fond qızıl ehtiyatlarının həcmini 30 tona çatdırmaq istəyir. Bu, kifayət qədər böyük həcmdir. Əlbəttə ki, qızıl ehtiyatının olması ölkə üçün çox əhəmiyətli məsələdir və bu dövlətin maliyyə dayanıqlığının təmin edilməsində əsas şərtlərdən biridir. Lakin indiki şərtlər daxilində bu qədər böyük həcmli partiyalarla qızıl almaq iqtisadi cəhətdən məqbul deyil. Buna səbəb qısa müddət ərzində 2 dəfədən artıq bahalaşan qızıl qiymətlərinin real dəyərindən cox yüksək olmasını hesab etmək olar. Və gözlənilir ki, növbəti illərdə maliyyə böhranı səngidikdə, yığımın bu forması zəyifləyəcək, investorlar tərəfindən tədarük edilmiş qızılın böyük bir qismi bazarlara cıxarılacaq ki, nəticədə qızılın qiymətinin təxminən 20-30% azalacağını proqnozlaşdırmaq mümkündür. Bu halda Fondun itkiləri böyük məçbləğlərlə ifadə edilə bilər. Məsələnin ciddiliyini anlamaq üçün bir neçə göstəriciyə diqqət etmək lazımdır. Belə ki, 2012-ci ildə Neft Fondu 15 ton qızıla təxminən 800 milyon ABŞ dolları pul xərcləyib ki, həmin qızılın hazırki qiymətlərlə dəyəri 670 milyon ABŞ dollarıdır. Bu həcmdə qızıl 2007-ci ildə alınsa idi, o zaman xərclənən pulun miqdarı təxminən 300 milyon ABŞ dolları olacaqdı. Göründüyü kimi, bu əməliyatda qısa müddətdə Fond 130 milyon dollardan artıq vəsait itirib. Nəzərə alsaq ki, Neft Fondu 2013-cü ilin sonuna qədər qızıl ehtiyatını 30 tona catdırmaq istəyir, bu o deməkdir ki, Fond ümumilikdə təxminən 1.4 milyard dollar vəsaiti qızılda saxlayacaq. Qiymət uçuzlaşmasının davam edəcəyini nəzərə aldıqda, fondun itkilərinin bir neçə dəfə artacağını proqnozlaşdırmaq olar. Məsələnin digər tərəfi isə odur ki, qızıl aktiv kapital deyil və ondan maliyyə əməliyatları apararaq gəlir əldə etmək olmur. Bu isə ən pis halda, yəni fond vəsaitlərinin idarə edilməsində il ərzində 0.5% qazanc olduqda, təxminən 7 milyon gəlirdən imtina etməkdir. Halbuki, ölkə vətəndaşları 20-30%-li kreditlərdən istifadə etdiyi halda Fond vəsaitlərinin xarici dövlətlərdə aşağı faizlərlə idarə edilməsi də anlaşılan deyil. Sonda isə qeyd edim ki, Neft Fondu 2007-ci ildə nə qədər çox qızıl alsa idi, ölkə o qədər cox dividend əldə etmiş olardı, nəinki 2012-2013-cü illərdə. 2012-2013-cü illərdə isə nə qədər çox qızıl alınsa itkilərin miqdarı bir o qədər çox olacaq".


İqtisadçı ekspert Nicat Hacızadə isə Dövlət Neft Fondunun qızıl ehtiyatlarının 30 tona çatdırılmasını valyuta itkisi hesab edir: "Biz bunu Çin təcrübəsində gördük, nəticə uğursuz oldu. Dövlət Neft Fondunun qızıl ehtiyatlarının 30 tona çatdırılmasının Azərbaycan üçün ciddi təhlükəsi yoxdur. Bu addımı həm müsbət təsir göstərə bilər, amma bu addım nəticəsində təhlükələr də yarana bilər. Müsbət tərəfi ondan ibarətdir ki, dollar, avro günü-gündən öz dəyərini itirməkdə davam edir. Avropada böhran mütamadi pisləşir, bu baxımdan ehtiyatların qızıla çevrilməsi məqsədəuyğundur, amma qızılın da qiyməti aşağı düşür. Valyuta ehtiyatlarının qızıla çevrilməsi müəyyən vaxt ərzində ola bilər, yəni prosesin uzun müddətli olmasına inanmıram".