Müğənnilərimizə xaricdə konsertlər üçün niyə kiçik qonorar verilir?!

31 May 2013 18:03 (UTC+04:00)

Konsert vermək və digər tədbirlərdə iştirak etmək üçün Azərbaycana təşrif buyuran, dəvət edilən əcnəbi müğənnilərə bunun müqabilində kifayət qədər yüksək məbləğdə qonorar ödənildiyi heç kimə sirr deyil. Lakin eyni məqsəd üçün xaricə üz tutan Azərbaycan müğənniləri barədə eyni sözləri demək mümkün deyil. Məsələyə münasibət bildirən  "Diamond Agency"nin direktoru, təşkilatçı Aqil Məmiyev Mövqe.az-a açıqlamasında bildirir: "Bizim müğənnilər dünya səviyyəsində çox tanınmadıqları üçün verilən qonorar onları razı salır. Məncə, onları daha çox, xaricdə konsert vermək maraqlandırır. Çünki, bu, onlar üçün böyük reklamdır. Azərbaycanlı müğənnilər burada pulu onsuz da, şou-proqramlar, toy və tədbirlərdən qazanırlar. Düşünürəm ki, onlar xaricdə hətta, pulsuz da oxuyarlar. Əsas pul qazanmaq deyil, xaricdə tanınıb sevilməkdir. Çünki, bizim müğənnilərin buna ehtiyacı çox böyükdür. 

Bundan başqa, əgər, bir çox müğənni Rusiyadakı toy tədbirini öz fəaliyyəti kimi qeyd edirsə və ya Türkiyədə şopinq edib, onu işlə bağlayırsa, adi konsertin təşkil olunması onlar üçün böyük uğurdur. Yaxşı olar ki, bəzi təşkilatçılar 5 türkiyəli müğənnini Azərbaycana gətirib onlar üçün konsert təşkil edəndə, 1 özümüzkünü xaricə aparıb, onu tanıtsınlar, konsertini təşkil etsinlər. Düşünürəm ki, bu, eyni zamanda bizim adımızın xaricdə səslənməsi, bizim musiqimizə, sənətimizə, muğamlarımıza , xalq və müasir mahnılarımızın təbliği üçün lazımdır və çox əhəmiyyətlidir".

Əməkdar artist, sevilən müğənni Gülyaz Məmmədova isə bildirir: "Bacım Gülyanaq və mən xarici səfərlərə çox getmişik, oxumuşuq. Amma bu, dövlət xətti ilə həyata keçirilib.  Biz xaricdə öz musiqimizi, muğamlarımızı tanıtdırırıq, sevdirirk. O məqsədlə getmirik ki, gedib orada cibimizi doldurub gələk. Bu addım isə min qonorardan artıqdır, gözəldir. O, başqa konsertlərdir ki, sponsorlar, produserlər vasitəsilə təşkil olunur. O zaman müğənnilər konsert verib, qonorarlarını götürürlər. Dövlət xətti ilə konsert vermək, Vətəni layiqincə təmsil etmək daha şərəfli, layiqlidir. Düzdür, hər ikisi məsuliyyətlidir... Mən şəxsən 1998-ci ildən bu yana  Mədəniyyət və Turizm Nazirliyinin adından dövlət xətti ilə xarici konsertlərdə iştirak etmişəm və həmişə də bununla fəxr duymuşam. Bütün bunlar balaca işlər deyil. Bu dəqiqə bizim simfoniyalarımız, musiqimiz, orkestrimiz bütün dünyada gəzir. Bunun nəyi pisdir ki?! Ancaq şəxsi konsertlərin də olması, təşkil, təbliğ olunması layiqli işdir. Bizim musiqimizdən hər yerdə yoxdur, amma estrada mahnıları hər yerdə var. Ona görə də, Azərbaycan musiqisinin təbliğini dövlətimizdən başqa, şəxsi gücümüzlə də həyata keçirməyə çalışmalıyıq". 

G. Məmmədova təşkilatçıların bizim müğənnilərin dünya səviyyəsində çox tanınmadıqları, xaricdə konsert üçün cüzi qonorala razılaşmasına dair fikirlərə də münasibət bildirdi: "Söz-söhbətlər qurtarmayacaq. Belə fikirlər bitməyəcək. Heç vaxt dayanan yerdə konsertlər təşkil olunmur. Konsertlərdən əvvəl onsuz da təşkilatçılıq işləri, təbliğat tədbirləri görülür. Yalnız dünya səviyyəli ölkələrin müğənniləri reklamsız konsert verə bilərlər".