Televiziya və internet portalların işçilərinə də evlər veriləcək (VİDEO)

31 May 2013 20:10 (UTC+04:00)
Mətbuat işçilərinə dövlət tərəfindən mənzillərin verilməsi məsələsi gündəmdən düşmür. Əsas sual bu evlərin kimlərə, hansı kriteriyalar əsasında verilməsidir. Dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilmiş və jurnalistlərə paylanacaq evlər yalnız çap mediasında çalışanlara verilməyəcək. Binanın tikilməsi və evlərin paylanması ilə bağlı icraçı olan Kütləvi İnformasiya Vasitələrinə Dəstək Şurasının sədri Vüqar Səfərlinin sözlərinə görə, evlər paylanarkən televiziya və internet medianın əməkdaşları da unudulmayacaq: "Birinci növbədə, müraciət edən hər hansı bir jurnalistin ən azı fasiləsiz 10 il əmək stajı, 3 il isə eyni iş yerində fasiləsiz əmək stajı olmalıdır. O məsələlər redaksiya tərəfindən ümumi iclasda müzakirə olunacaq və bizim nümayəndə şurasına təhvil veriləcək. Mətbuat Şurası da sənədləri toplayıb Prezident Administrasiyasına təhvil verəcək".

Qeyd edək ki, jurnalistlər üçün evlərin tikilməsi məqsədilə 3 il əvvəl büdcədən KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayrılıb. Bu vəsait hesabına Bibiheybət qəsəbəsində yeni yaşayış massivi deyilən ünvanda tikilən binada işlər tamamlanmaq üzrədir. Gözlənilir ki, buradakı mənzillər iyulun 22-də Milli Mətbuat günündə jurnalistlərə təqdim olunacaq.

Qeyd edək ki, kitab şəklində olan 17 mərtəbəli 2 bloklu binada 156 mənzil var, mənzillər 2 və 3 otaqlıdır. Evlərtəmirli şəkildə təqdim ediləcək.