ÜTT Azərbaycan üçün GMO təhlükəsi yaradır

1 May 2013 08:37 (UTC+04:00)

Azərbaycan bazarında genetik modifikasiya olunmuş məhsullar (GMO) məsələsi hələ də gündəmdən düşmür. Ölkəmizin dünya iqtisadiyyatına qovuşması ilə daxili bazara GMO məhsullarının gəlişi daha da aktuallaşır. Belə fikirlər də səslənir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulduqdan sonra bazarlarımıza daha çox GMO məhsulları gələcək. Görəsən, bu amil ölkəmiz üçün nə kimi təhlükələr yarada bilər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, ÜTT-yə qəbuldan sonra həqiqətən ölkəmizdə GMO məhsullarının həcmi artacaq. Bu isə biomüxtəlifliyin pozulmasına, aborigen bitkilərin məhvinə gətirib çıxara bilər: "Təşkilatımız artıq 10 ildən çoxdur ki, genetik modifikasiya olunmuş məhsullarla bağlı məsələni qaldırır. Ümumdünya Ticarət Təşkilatının Vaşinqton ofisində iki il öncə məsələ barədə çıxışım da oldu. Genetik modifikasiya olunmuş məhsulların yayılmasında ÜTT-nin mühüm rolu olub. GMO hazırlayan, birbaşa bu işdə iştirak edən professorla Londonda görüşüm də olub. Ondan bununla bağlı bir sıra isti məsələləri də öyrənmişəm. Genetik modifikasiya olunmuş məhsullar dünyada, o cümlədən Azərbaycanda geniş yayılmağa başlayıb. GMO-nu hazırlayanlar bununla iddia edirlər ki, dünyanı aclıqdan xilas edirlər. Amma aclıqdan o yerləri xilas etmək lazımdır ki, orada həqiqətən də aclıq hökm sürür. Reallıqda bunun əksini də müşahidə edirik. Artıq aclığın olmadığı ölkələrdə də GMO geniş yayılır. Bu halda isə həmin ölkələrdə təbiətin biomüxtəlifliyi pozulur. Ona görə də Birləşmiş Millətlər Təşkilatının "Təbiətin biomüxtəlifliyinin qorunmasına dair" Konvensiyası var ki, Azərbaycan da ona qoşulub. Bu konvensiyadan irəli gələn protokolu Azərbaycanda daxil olmaqla 153 ölkə ratifikasiya edərək GMO-nun qarşısını almaq istiqamətində üzərlərinə öhdəlik götürüblər. Təsadüfi deyil ki, son iki ildə Azərbaycan Prezidenti tərəfindən də çox əhəmiyyətli fərmanlar verilib. GMO gətirənlər, bu məhsulu əkənlər üçün böyük cərimələr tətbiq olunub. Məhsulun yoxlanılması üçün ölkəmizdə artıq laboratoriyalar da yaradılır. Azərbaycanın ÜTT-yə qəbulundan sonra istər-istəməz GMO-nun ölkəmizdə həcmi daha da artacaq. Belə olduqda ölkəmizdə biomüxtəlifliyin pozulması, aborigen bitki növlərinin yoxa çıxması prosesi daha sürətlə gedəcək. Digər tərəfdən nəticəsi 100 ildən sonra bəlli olacaq müxtəlif xəstəliklərin əsası qoyula bilər. Yerli bitki növləri də sıradan çıxacaq. Lakin bununla belə məlumdur ki, Azərbaycan həmin təhlükələrə hazırlaşır. GMO-nun təklif olunduğu ölkələr çıxış yolu kimi belə məhsulları markalayırlar. Düşünürəm ki, ÜTT-yə qəbuldan sonra genetik məhsulların ölkəmizdə artması fonunda Azərbaycan da bu yolu tutacaq. Çünki ÜTT kimi qlobal təşkilatın qarşısında tab gətirmək asan məsələ deyil. Azərbaycan həmçinin GMO haqqında qanun da qəbul etməyib, bu qanun layihəsi indi müzakirədədir. Amma qanun qəbul olunsa belə, ÜTT-yə qəbuldan sonra vəziyyəti dəyişdimək heç də asan başa gəlməyəcək. Çünki cin artıq şüşədən çıxıb".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirdi k, GMO məhsullarına tələbat ərzaq təhlükəsizliyinin təmin edilməsinə hesablanıb: "GMO məhsullarının ölkəmizə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görülməlidir. Bəzi ölkələr sözügedən məhsulların idxalına qadağalar və keyfiyyət standartını müəyyənləşdirmək səlahiyyətinə malikdir. Amma dünyada ərzaq təhlükəsizliyinə yanaşma tərzinin dəyişdiyini nəzərə alsaq, bu məsələ keyfiyyət standartından daha çox dünya əhalisinin ərzaqla təminatı üzərində qurulub. Dünya əhalisinin bir hissəsinin bu gün ərzaqla təminatında problemlər var. O baxımdan bu tip məhsulların istehsalı həyata keçirilir. Azərbaycanda da həmin məhsulları idxalını tamamilə qadağan etəmk mümkün deyil. Çünki elə məhsullar var ki, geni dəyişdirilmiş məhsul olsa da, Avropa Birliyi standartlarına uyğundur. Burada yeganə yol əhalinin maarifləndirilməsindən keçir. Həm də onlara alternativ məhsullar təklif olunmalıdır, bu alternativi də yerli məhsullar formalaşdırır. Yerli məhsulları qiyməti ucuz olduğundan daha çox müştərini cəlb edir. Buna baxmayaraq, vətəndaşların ziyanla bağlı məlumatlandırılması da birmənalı şəkildə GMO məhsullarının satışının məhdudlaşdırılmasına gətirib çıxaracaq. Həmin yolu GMO məhsullarına qarşı mübarizədə ən ağıllı yol hesab edirəm".