ABŞ Dövlət Departamenti: İstanbuldakı dinc etirazları dəstəkləyirik
1 İyun 2013 11:29 (UTC+04:00)
Avropa Birliyi: Söz azadlığı və sərbəst toplaşmaq
azadlığı da daxil olmaqla, təməl insan hüquqlarının əhəmiyyətini
Türkiyəyə xatırlatmaq istəyirik
ABŞ və Avropa Birliyi Türkiyənin İstanbul şəhərində parkın
dağıdılmasına qarşı dinc etiraz aksiyaları keçirən insanların polis
vəhşiliyinə məruz qalmasını tənqid edib. Mövqe.az-ın xəbərinə görə,
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki polisin etirazçıları
dağıtması nəticəsində yaralananların olduğu haqda məlumatlardan
narahatlıq keçirdiklərini açıqlayıb: "Türkiyənin uzunmüddətli
sabitliyini, təhlükəsizliyini və rifahını təminat altına almağın
yolu söz, toplaşma və təşkilatlanma azadlıqlarının təmin
olunmasından keçir. Belə görünür ki, etirazçılar da bu
hüquqlarından istifadə ediblər".
J. Psaki "Amnesty İnternational" təşkilatının hadisələrlə bağlı
raportları ilə tanış olduqlarını və öz kanalları ilə də vəziyyətlə
əlaqədar informasiya topladıqlarını söyləyib: "Biz əlbəttə ki, bu
olayda olduğu kimi, dinc etirazları dəstəkləyirik, önümüzdəki
günlərdə bu bərədə bəlkə daha çox söz deyə bilərik".
Bölgədəki ABŞ vətəndaşlarının təhlükəsizliyinə dair narahatlıq
olub-olmadığı haqda sualı cavablandıran J. Psaki hələlik belə bir
təhlükənin olmadığını vurğulayıb.
Avropa Birliyi Komissiyası isə İstanbuldakı olaylarla bağlı bir
gündə iki açıqlama ilə çıxış edib. Daha sərt ifadələrə yer verilən
ikinci bəyanatda Türkiyə təhlükəsizlik qüvvələrinin qeyri-adekvat
və ifrat güc tətbiqi pislənib: "Avropa Birliyi olaraq söz azadlığı
və sərbəst toplaşmaq azadlığı da daxil olmaqla, təməl insan
hüquqlarının əhəmiyyətini xatırlatmaq istəyirik. Hər hansı
məhdudiyyət Avropa İnsan Haqları Konvensiyasında və Avropa İnsan
Haqları Məhkəməsinin praktikasında müəyyən olunan sərhədlər
çərçivəsində olmalıdır".
Türkiyə-Avropa Birliyi birgə parlamentlərarası komissiyasının
həmsədri, Avropa Parlamentinin liberallar qrupunun üzvü Endryü Daff
(Andrew Duff) isə "Türkiyənin Avropada yeri varmı?" deyə ritorik
sualla müraciət edib.