Çimərlik mövsümünə rəsmən start verilib
1 İyun 2013 12:01 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda
Xilasetmə Xidmətinin (DSXX) Buzovna Sularda Xilasetmə Məntəqəsində
"Azərbaycanda 2013-cü il çimərlik mövsümü"nə rəsmən start
verilib.
Mövqe.az-ın məlumatına görə, bu məqsədlə keçirilən tədbirdə
qonaqlar DSXX-nin istifadəsində olan xilasetmə avadanlıqları ilə
tanış olublar.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə və nazirliyin
müvafiq qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış
edən DSXX-nin rəis müavini Bəxtiyar Həsənov bildirib ki, hazırda
xidmətin 31 xilasetmə məntəqəsi var: "Eyni zamanda xidmətin
çimərlik ərazilərində postları mövcuddur. Son üç ildə çimərlik və
qeyri-çimərlik ərazilərində nəzarət daha da gücləndirilib. Bu il
hava ilə doldurulan on ədəd qayıq, hava yastıqlı iki ədəd müasir
kater, həmçinin digər xilasetmə avadanlıqları alınıb. Çimərliklərdə
post patrul xidmətinin və təcili tibbi yardım maşınlarının
ayrılması üçün müvafiq qurumlara müraciət olunub".
Tədbirin sonunda qonaqlar DSXX-nin əməkdaşlarının təlimlərini
izləyiblər.