Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi haqqında Əsasnaməyə dəyişikliklər edilib

3 İyun 2013 12:50 (UTC+04:00)

Azərbaycan Nazirlər Kabineti (NK) "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də dəyişikliklər edib. NK-dan Mövqe.az-a verilən xəbərə görə, dəyişiklik "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədi ilə edilib. Dəyişikliyə əsasən, Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu və vergilər yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə deyil, elektron ödəmə sistemləri ilə də ödənilə bilər.

 

Əsasnamənin 2.7-ci bəndinin ikinci cümləsində, 2.8-ci bəndin 4-cü hissəsində və 6.3-cü bəndin 3-cü hissəsində "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilib. "Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi"nə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün rüsum artıq qəbzlə deyil, sənədlə və ya elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarışla ödənilə bilər.

 

"Nəqliyyat vasitəsinin dəyişdirilməsi barədə Müqavilə"nin 4-cü hissəsində də "qəbzlə" sözü "sənədlə və ya elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarışla" sözləri ilə əvəz edilib.