Prezidentliyə namizəd Qalibaf: İran xalqı Azərbaycana borculudur

3 İyun 2013 13:15 (UTC+04:00)

İran prezidentliyinə namizəd Məhəmməd Baqir Qalibaf ötən gün Təbriz şəhərində çıxışı zamanı deyib ki, İran xalqı Azərbaycana borculudur. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.


Qalibaf bildirib ki, "əgər insanflı olsaq və Məşrutə dövrindən indiəyədək Azərbaycan tarixinə bir nəzər salsaq görəcəyik ki, İran xalqı Azərbayacana borculudur".


Qalibaf həmçinin deyib ki, Prezident seçilərsə, konstitusiyanın İrandakı milli və etnik azlıqların hüquqları haqqında bütün tələblərini yerinə yetirəcək.

Məlumata əsasən, Qalibaf birbaşa konstitusiyanın 15-ci və 19-cu maddələri (İranda yaşayan bütün xalqların öz dillərində təhsil almaq hüququ tanınır) barədə danışmasa da deyib ki, "Prezident seçilərəmsə, ilk gündən konstitusiyanın İranda yaşayan bütün xalqlar barədəki tələblərini həyata keçirəcəyəm".

Mayın 26-da İranda qarşıdakı seçkilərdə prezidentliyə digər namizəd Möhsün Rzayi də söz vermişdi ki, "Prezident seçilsəm, Konstitusiyanın İrandakı bütün milli azlıqların öz dillərində təhsil almasını nəzərdə tutan 19-cu və 15-ci maddələrini icra edəcəyəm".


Qeyd edək ki, hər dəfə İranda prezident seçkiləri öncəsi konstitusiyanın bu iki maddəsinin icrası namizədlərin əsas təbliğat şüarlarına çevrilsə də, indiyədək bu məsələ ilə bağlı önəmli addımlar atılmayıb.


Qalibaf Təbrizdəki çıxışı zamanı Urmiya gölünün qorunması məsələsi ilə bağlı da danışıb və bildirib ki, gölün quruması ötən illər ərzində idarəetmənin zəifliyi nəticəsində baş verib.


Qeyd edək ki, Urmiya gölünün suyunun üçdə iki hissəsi artıq quruyub. Beynəlxalq təşkilatlar və İranlı ekspertlər Urmiya gölünün qurumasını ekologiyaya böyük təhlükə hesab edirlər.


Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Əhmədinejad hökuməti iki il öncə bu gölün qurumasının qarşısını almaq məqsədi ilə 950 milyon dollar vəsait ayırıb. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökumətinin gördüyü tədbirlər hələ ki, kifayət deyil.

Xatırladaq ki, sahəsi 5200 kvadrat kilometr olan Urmiya duzlu göl kimi böyüklüyünə görə dünyada üçüncüdür.