Ekologiya və təbii sərvətlər naziri vətəndaşlara müraciət edib

3 İyun 2013 15:54 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, nazir Hüseynqulu Bağırov jurnalistlərə bildirib ki, insanlar anlamalıdırlar ki, yay mövsümü isti və quraqlıq keçir və meşə ərazisində odla rəftarda ehtiyatlı olmalıdır: "Hər bir insan hansı təhlükəsizlik tədbirləri etmək lazım olduğunu gözəl bilir, sadəcə buna riayət etmək lazımdır. Sürücülərin və sərnişinlərin avtomobil pəncərəsindən atdığı bir siqaret kötüyü belə böyük fəsadlar yarada bilər".

 

H. Bağırov qeyd edib ki, dövlət tərəfindən xeyli tədbirlər görülür və bunun nəticəsində Azərbaycanda digər ölkələrdə olduğu kimi uzun müddət davam edən meşə yanğınları olmur: "Bir çox ölkələrdə meşələrin gözətçisi rolunu yerli icmalar oynayır, çünki onlar uzun zamandır həmin ərazidə qalırlar. Təəssüflər ki bizdə elə praktika yoxdur".

 

Xəzərin çirklənməsinə toxunan nazir vurğulayıb ki, əvvəlki dövrlə müqayisədə Xəzərə atılan tullantıların səviyyəsi xeyli azalıb: "Xəzər dənizində elə canlı növləri var idi ki, məhz suyun çirkliliyinə görə az qala nəsli kəsilmişdi. İndi isə onların çoxu bərpa olunub. Suyun keyfiyyətinə görə müsbət dəyişikliklər var".

 

Nazirliyin gördüyü layihələrdən danışan H. Bağırov deyib ki, damcılı suvarma ilə bağlı layihə öz müsbət nəticələrini verir: "Bu il çox az məsrəflərlə 2 min hektara qədər ərazidə damcılı suvarma ilə yaşıllaşdırma həyata keçirilib. Damcılı suvarmadan daha çox zeytun ağaclarının suvarılmasında istifadə edilib. Azərbaycanın tarixində nə qədər zeytun ağacları olubsa, 3 ildə bir o qədər zeytun sahələri yaradılıb. Bunun nəticələrin 2-3 il sonra görəcəksiniz".