LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

2 İyun 2013 09:00 (UTC+04:00)

Sürətli inkişaf yolunda olan müasir Azərbaycanın regionlarında da dinamik tərəqqi müşayiət olunmaqdadır. Heç şübhəsiz ki, bunu şərtləndirən başlıca səbəb regionların inkişafı məqsədilə həyata keçirilən dövlət proqramları, həmçinin dövlət səviyyəsində atılan digər addımlardır. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan regionlarının inkişafında yeni keyfiyyət mərhələsi yaşanır.

Bunun bariz nümunəsini Ağstafa rayonunun timsalında da aydın müşahidə etmək mümkündür. Məlumat üçün qeyd edək ki, Ağstafa rayonunun ərazisi 1504 kvadratkilometr, əhalisi cari ilin əvvəlinə olan tarixə rəsmi qeydiyyatda 82,7 min nəfərdir. Rayonda 1 şəhər, 9 qəsəbə və 29 kənd yaşayış məntəqəsi var. Yaşayış məntəqələri 29 inzibati ərazi dairəsi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur. Rayon ərazisində 132 idarə, müəssisə və təşkilat, 5 bank filialı, 2 bank olmayan kredit təşkilatı, 4 mehmanxana fəaliyyət göstərir. Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, ictimai-iaşə xidməti sahəsində çalışır.

Hazırda məşğul əhalinin sayı 40 minə yaxındır. 2013-cü ilin birinci rübü ərzində isə Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 22.4 milyon manat olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18.4 faiz çoxdur. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 17 faiz artıb. Cari ilin ötən dövrü ərzində kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4.5 faiz çox, əsas kapitala yönəldilən investisiyaların həcmi 8.8 faiz çox, nəqliyyat xidmətində 2.6 faiz, rabitə xidmətində 9.5 faiz, ticarətdə 25.7 faiz artım olub. Rayon üzrə orta aylıq nominal əmək haqqı 214.3 manata çatdırılıb.

"Azərbaycan Respublikasının 2013-cü il Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq Ağstafa rayonunun 2013-cü il büdcəsi mədaxil üzrə 16.6 milyon manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 12.9 milyon manat, gəlirlər 3.7 milyon manat təsdiq olunub. 2012-ci ilə nisbətən 2013-cü ildə büdcə xərcləri 1.8 milyon manat çox və ya 12 faiz artıb. Gəlirlər xərclərin 22,1 faizi qədərdir. 2013-cü il yerli büdcədə ümumi xərclərin 72 faizini əməyin ödənilməsi fondu və Sosial Müdafiə xərcləri təşkil edir. 2013-cü ilin büdcəsində təhsil xərcləri 60 faiz, Səhiyyə xərcləri 20 faiz, Mədəniyyət xərcləri 4 faiz, ümumdövlət xidməti xərcləri 7 faiz, iqtisadiyyatın maliyyələşdirilməsi 9 faiz təşkil edir.

2013-cü ilin birinci rübü ərzində yerli gəlirlər üzrə proqnoz 90.5 faiz yerinə yetirilib. Bu zaman büdcənin xərcləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.1 milyon manat çox icra olunub. Büdcənin rüblük icrasında müxtəlif bölmə və maddələr üzrə artıq xərcə yol verilməyib. Qeyd edək ki, DSMF-nin Ağstafa rayon şöbəsi 12309 nəfər pensiyaçıya xidmət edir. Rüb ərzində pensiyaların maliyyələşdirilməsinə 5 milyon manat vəsait xərclənib. Bu ilin yanvar-mart ayları ərzində pensiya və müavinətlərin vaxtında ödənilməsi təmin edilib. DSMF-nin Ağstafa rayon şöbəsi üzrə bu ilin birinci rübü ərzində məcburi dövlət sosial sığorta haqqı üzrə proqnoza 98.5 faiz əməl olunub və büdcə təşkilatları üzrə daxilolma 99 faiz, qeyri büdcə təşkilatları üzrə 95.9 faiz olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən toplanan proqnoz tapşırığa 72.2 faiz əməl olunub ki, bu da ötən illə müqayisədə 20.7 min manat çoxdur. Sosial sığorta daxilolmalarının 16.0 faizi qeyri-büdcə təşkilatlarının payına düşür.

Ağstafa rayon ƏSMM-ndə 4317 nəfər sosial müavinət alan qeydə alınıb. Sosial məişət xidməti sektorunda 288 nəfər tənha və ahıl vətəndaşlar xidmət uçotuna götürülüb. Rayon üzrə 6307 nəfərə, 1285 ailəyə ünvanlı sosial yardım verilir, hər ailəyə ödənilən yardımın məbləği 111.63 manat, adambaşına 22.74 manat təşkil edir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilib. Ağstafa rayonu üzrə 2013-cü ilin yanvar-mart ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 203 nəfər işlə təmin olunub. Rayonun Soyuqbulaq qəsəbəsində 220 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılıb və inventar avadalıqlarla təmin olunub. 360 şagird yerlik Göycəli kənd orta məktəbinin yeni binasının və Köçəsgər kənd 1 saylı orta məktəbi üçün yeni korpusun tikintisi davam etdirilir.

Ümumiyyətlə, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağstafa rayonunda da genişmiqyaslı tikinti quruculuq və abadlıq işləri aparılır. Ağstafa şəhərinin içməli su və kanalizasiya sisteminin tikintisində ikinci mərhələ işləri görülməkdədir. Şəhərin küçələrinə asfalt döşənməsi davam etdirilir. Hazırda Ağstafada ölkə üzrə ilk olan bir neçə layihə həyata keçirilir. Rayonda bu günədək yalnız Avropa ölkələrində olan tarixi və müasir abidələr parkı-açıq səma altında Azərbaycan muzeyinin tikintisinə başlanılıb. Ərazisi 2,5 hektar olan bu muzey Azərbaycan Respublikasının xəritəsinin tərtibatı üzərində ölkəmizi dövlət sərhədi boyunca əhatə edən dağ silsilələri, çay və gölləri, təbiət mənzərələri, tarixi və müasir abidələrini əks etdirən miniatür park olacaqdır. Azərbaycanın ayrı-ayrı bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan tikili abidələrimiz - saray və qala divarları, müqəddəs ziyarətgahlara aid türbə və məscidlərimiz, müasir dövrdə yaradılmış arxitektura nümunələri həmin muzeydə sərgilənəcək. Parkın ərazisində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf mərhələlərini əks etdirən yeniliklərin də miniatür heykəlləri quraşdırılacaq. Hazırda qızğın yaradıcılıq və tikinti işlərinin aparıldığı parkın cari ilin iyul-avqust ayında istifadəyə verilməsi nəzərdə tutulur.

Cari ildə tikintisinə başlanan Paintball və Stend atıcılıq mərkəzi ölkəmizdə ilk dəfə olaraq Ağstafa rayonunda reallaşdırılır. Mərkəzin tikintisi üçün rayonun Həsən-su çayı sahilində 2 hektar torpaq sahəsi ayrılıb. Ərazidə torpaq işləri başa çatdırılmış və inzibati binanın tikintisinə başlanılıb. Paintball və Stend atıcılıq mərkəzində müvafiq idman qurğu və avadanlığı ilə yanaşı, su hovuzu, müşahidə məntəqəsi və rayonda olimpiya idman hərəkatının genişləndirilməsi, idmanın kütləviliyinin təmin edilməsi məqsədi ilə olimpiya idman növü olan stend atıcılığı və atıcılığın kütləvi növü alan sportinq (idman ovçuluq atıcılığı) meydançası da tikilir. Paintball və Stend atıcılıq mərkəzi həm fəal istirahət və əyləncə mərkəzi olmaqla yanaşı yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq.

O da faktdır ki, Ağstafa rayonu 2011-ci ilin ikinci yarısından başlayaraq özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. "Ağstafa rayonunun Sosial-İqtisadi İnkişafı Proqramı (2011-2013-cü illər)" nın icrası tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqram çərçivəsində Ağstafa rayonunda tikinti-təmir və abadlıq işləri davam etdirilir. Hazırda Ağstafa şəhərində 1 ədəd 40, bir ədəd 48, 1 ədəd 16 mənzilli yaşayış binalarının, 115 yerlik uşaq bağçası-körpələr evinin, Köçəskər, Göycəli kəndləri və Soyuqbulaq qəsəbəsində yeni məktəb binalarının tikintisi sürətlə davam etdirilir. Şəhərin 20 yanvar, S.Vurğun, C.Cabbarlı, E.Qələmçəli, R.Əsədov küçələrinin cari ildə yenidən qurulması planlaşdırılmışdır. Respublika əhəmiyyətli Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Poylu-Düzqışlaq-Kolayır avtomobil yolunun yenidən qurulması üçün hazırlıq işlərinə başlanılıb. Rayonun Kolxəlfəli kəndində 220 şagird yerlik məktəb binasının layihə sənədləri hazırlanıb və yaxın günlərdə tikintisinə başlanılacaq. Hazırda rayonun Qırılı, Aşağı Göycəli kəndlərinə və Ağstafa çayının sol sahilində yerləşən Qarahəsənli, Molla Cəfərli, Xılxına, Düzqışlaq, Kolayır, Kolxəlfəli və Pirili kəndlərində qazlaşdırma işləri aparılır.

Bir neçə gün əvvəl isə Ağstafa rayonu

nun Aşağı Göycəli, Xılxına və Mollacəfərli kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib. 610 abonenti olan Aşağı Göycəli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 26 min 695 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 610 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 210 abonenti olan Xılxına kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 min 681,9 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 210 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 83 abonenti olan Mollacəfərli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 10 min 630,3 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 83 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağstafa Telekommunikasiya Qovşağı əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Cari ilin dörd ayı ərzində 50 abonentə telefon çəkilib, rayon mərkəzində 241 abonentə internetdən istifadə etmək imkanı verilib. Dağ Kəsəmən, Köçəsgər, Poylu, Qıraq Kəsəmən, Eynallı kəndlərində və S.Vurğun qəsəbəsində əlavə kartlar qoyulmuş, 392 abonent surətli internetə qoşulub. Qovşaq üzrə 1305 abonent sürətli internetdən istifadə edir. Rayonun Qıraq Kəsəmən, Sadıqlı və Muğanlı istiqamətində FO kabelinin qoyulması işi başa çatdırılmışdır. Digər kəndlərdə də EATS-lərin daha yaxşı işləməsi üçün birləşdirici xətləri FO kabelləri ilə əvəz edilir. Digər sahələr üzrə də dinamik tərəqqi yaşanır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.