Xaricdən meyvə-tərəvəz üçün gətirilən dərmanların yaratdığı böyük təhlükə

4 İyun 2013 08:37 (UTC+04:00)

Məlumdur ki, bitki mühafizəsində bir sıra dərmanlardan istifadə edilir. Həmin dərmanlar zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı mübarizə vasitələridir. Amma hazırda ölkəmizdə istifadə edilən bu vasitələrin demək olar ki, hamısı xaricdən gətirilir. Xaricdən gətirilmiş həmin dərmanlar isə bəzən yerli bitkilərin, kənd təsərrüfatı məhsullarının dad, keyfiyyət və xarici görünüşünə müəyyən dərəcədə təsir göstərə bilir.

Digər bir mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, hər bir bitki özünü müdafiə etmək üçün bütün dövrü ərzində öz çəkisi qədər maye ifraz edir: "Bu mayenin də üçdə iki hissəsi zəhərli maddədir. Son vaxtlar süni mineral gübrələrin verilməsi, pestisidlərdən istifadə edilməsi ağacların immun sistemini zəiflədib. Bu da bitkilərə ciddi təsir edir və onlardan alınan meyvəni də zəhərləyir. Zərərvericiləri məhv edən dərman vasitəsi əlbəttə ki, insan orqanizmi üçün də fəsad yarada bilir". Ekspert qeyd etdi ki, məhsulu qorumaq üçün fermer hansısa vasitəni özü tətbiq etmirsə, burada mübarizə aparmaq üçün digər tədbirlər də mövcuddur: "Yəni, mübarizənin mexaniki, bioloji, təbii yolla aparılması var. Çalışmaq lazımdır ki, ondan istifadə edilsin. Bəzi həşəratlar digər həşəratların inkişafının qarşısını alır. Onlardan istifadə etmək lazımdır. Təbii yolla bəzi meyvələrin özünü məhlul halına salıb çiləmə yolu ilə zərərvercilərə qarşı mübarizə kimi istifadə etmək mümkündür. Əgər bu yolları bilməyib, dərmanlardan istifadə edilirsə, onda qaydasında və vaxtında istifadə olunmalıdır. Vaxtından istifadə edən də bir dəfə belə həmin zərərvericilərin qarşısını ala bilir. Amma fermer mübarizənin vaxtını bilmirsə, bir neçə dəfə həmin dərmandan istifadə edəcək. Belə olan halda da əkin sahəsi çirklənməyə məruz qalacaq. Dərman preparatlarının orada uzun müddət yığılıb toplanması da sonradan əldə olunan məhsulun keyfiyyətinə ciddi təsir edəcək".