AMEA Tarix İnstitutu daha bir mükafata layiq görülüb

4 İyun 2013 12:06 (UTC+04:00)

İyunun 3-də Azərbaycan Kazakları İcmasının Atamanı, general-leytenant Viktor Mereşkin və polkovnik-leytenant Faiq Nuriyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunda olublar.


Mövqe.az-ın AMEA-dan aldığı məlumata görə, qonaqları salamlayan institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan–Kazak dostluq əlaqələrinin tarixi köklərindən danışaraq bu barədə araşdırmaların aparılmasına böyük ehtiyacın olduğunu bildirib. Bu sahəyə dair müvafiq dissertasiya tədqiqatlarının işlənilməsi təklif edilib.


Ataman Viktor Mereşkin ölkəmizdə kazakların fəaliyyətindən söz açaraq bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsində kazaklar həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəklər. O, Yaqub Mahmudova Azərbaycan-Kazak əlaqələrinin inkişafına, ölkəmizdə kazakların tarixi ilə bağlı Lənkəranda abidə qoyulmasına göstərilən dəstəyə görə təşəkkür edib.


Ataman Viktor Mereşkin institutun direktoru Yaqub Mahmudovun elmin inkişafına, kazaklarla əlaqələrin gücləndirilməsi, onların tarixi, mədəni və vətənpərvərlik adət-ənənələrinin dirçəlməsinə verdiyi töhfəyə görə Azərbaycan Kazakları İcmasının "Ataman Anton Qolovatıy" ordeni ilə təltif olunması barədə məlumat verib və mükafatı görkəmli alimə təqdim edib.


Y.Mahmudov qonağa yüksək mükafata görə öz təşəkkürünü bildirib.

İnstitutun Elmi Şurası adından Azərbaycan Kazakları İcmasına "Azərbaycan xalçaları: İrəvan qrupu" və "İrəvan xanlığı" kitabları hədiyyə olunub.