Azərbaycan istehlakçıların böyük əksəriyyəti hüquqlarını bilmirlər

3 Aprel 2012 19:33 (UTC+04:00)
Hazırda istehlakçıların maariflənməsi və onların hüquqları ilə tanış olmaları məsələsi ən aktual problemdir. Bu barədə "Kommunal sektorda istehlakçıların hüquqlarının qorunmasına yardım göstərilməsi" layihəsinin həyata keçirilməsinə həsr olunan "dəyirmi masada" "Konstitusiya" Araşdırmaları Fondunun eksperti Ələkbər Ağasıyev bəyan edib.

Ə.Ağasıyev deyib: "Layihənin həyata keçirilməsi onu göstərdi ki, bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə ehtiyac var. "Qaynar xətt" xidmətinə müraciətlərin 40 %-dən çoxu sayğacların quraşdırılmasının pulsuz olub-olmaması, abunəçi kodunun alınması qaydası, ödənişin necə və hansı qaydada həyata keçirilməsi haqqında olub. Bu öz növbəsində, bir daha göstərir ki, istehlakçıların böyük əksəriyyəti öz hüquqlarını bilmirlər". Ələkbər Ağasıyev "Bakıelektrikşəbəkə"nin işini qənaətbəxş qiymətləndirib. Ekspertin fikrincə, kommunal xidmətlərin bir sıra problemlərinin həlli üçün müəyyən tədbirlər görülməlidir.