İnkişafa aparan islahatlar qarşısıalınmazdır

1 Noyabr 2019 07:58 (UTC+04:00)

Bu gün ölkəmizdə baş verən iqisadi-siyasi hadisələr mahiyyəti etibarı ilə inqilabi xarakter daşıyır. Prezident İlham Əliyevin islahatlar kursu cəmiyyət həyatının kökündən yenilənməsi, daha enerjili və şəffaf, mənfi tendensiyalardan qurtulmaq yolu ilə gələcəyə doğru inamlı addımlar atımasını dəstəkləyir.

Bu günlərdə  Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatında çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: “İslahatlar kursu, Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq”.

Ə. Həsənov bildirib ki, SƏLİS-in yaradılması, təqdimatının keçirilməsi bundan sonrakı dövrdə həm qrant verənlərin, həm qrant alanların, həm də bu xidməti həyata keçirənlərin işini həm yüngülləşdirəcək, həm də şəffaflaşdıracaq. Baş verən proseslər dövlət başçısının inkişafımız yüksəldikcə cəmiyyətimizin mənən saflaşması istiqamətində də ciddi tədbirlər görür. İlk növbədə əhalinin ciddi narazılıq etdiyi korrupsiyanın aradan qaldırılması bugünün mühüm vəzifəsidir. Təbii ki, bu cür mənfi tendensiyalar indinin söhbəti deyil. Müstəqillikdən əvvəl, imperiya dövrünün məhsulu olan bu tendensiyaya qarşı səmərəli mübarizə aparmaq üçün cəmiyyət müəyyən inkişaf səviyyəsinə yüksəlməli idi. Hazırda Azərbaycan belə bir səviyyəyə çatıb və bundan sonra korrupsiya nəinki iqtisadi-mənəvi tarazlığı pozur, sadəcə, dövlətimizin imicinə zərbə vurur, xalqın mənəvi dəyərlərinin saflığını ləkələyir. Yəni, bu iş heç vaxt olmadığı qədər indi aktuallaşıb və biz korrupsiyasız cəmiyyət quruculuğunu formalaşdırmalıyıq.

Əli Həsənovun sözlərinə görə, müstəqilliyin birinci onilliyi, 1993-2003-cü illər müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesi idi: “Dövlətin qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr var idi. Buraya dövlətin təhlükəsizliyinin təmin olunması, ordu quruculuğunun həyata keçirilməsi, Əsrin Müqaviləsinin imzalanması və həyata keçiriliməsi, xarici tərəfdaş dövlətlərin tapılması və Azərbaycanın gələcək strateji inikşafının təməli olan neft-qaz kontraktlarının imzalanıb həyata keçirilməsi, Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinin qurulması, tərəfdaş ölkələrin sayının artırılması, qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşların ən vacib problemlərinin həll olunması, məskunlaşdırılması daxildir. 2003-cü ildən Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edir. Prezident İlham Əliyevin bəyan etdiyi və həyata keçirdiyi kurs müstəqil Azərbaycanın modernləşdirilməsi, müasirləşdirilməsi və onun inkişafının qlobal dünyanın çağırışlarına uyğun olaraq yeni trendlər əsasında zənginləşdirilərək davam etdirilməsidir. Zaman var idi ki, xaricdə belə konfrans zallarını, bu tip elektron xidmətləri görəndə az qalırdıq ki, heyrətdən boğulaq. Bu gün Azərbaycan dövləti elə səviyyəyə gəlib çatıb ki, nəinki elektron hökumətdən, elektron xilmətlərdən, hətta rəqəmsal hökumət və rəqəmsal xidmətdən bəhs edə bilir. Prezident İlham Əliyevin 3 prezidentlik dövrü Azərbaycanın modernləşdirilməsi, ictimai, siyasi, sosial, iqtisadi həyatının yenidən qurulması və ölkədə vətəndaş məmnunluğunun təmin olunmasını əhatə etdi. Vətəndaş məmnunluğu ona göstərilən xidmətlərin asanlaşdırılması, rahatlaşdırılması və hamı üçün məqbul formaya salınmasıdır”.

Bütün bunlar islahatlar kursunun töhfələridir. Müasirlik, innovativ texnologiyalar, cəmiyyət həyatının saflaşdırılması dövrümüzlə səsləşən layihələrin həyata vəsiqə alması deməkdir. Bu yolun qarşısını almaq, ona mane olmaq mümkün deyil. Ona görə ki, islahatlar xalqın rifah halının yaxşılaşmasına, ölkənin real inkişafına xidmət edir. Xalqın müdafiə etdiyi yolu nə daxili, nə də xarici pozucu qüvvələr saxlaya bilər. Cəhd edənlərin nəsibi isə qanuni cəza olacaq.

N.NOVRUZ