Erməni cəmiyyəti siyasi xəstəliyin kulminasiya nöqtəsində

1 Noyabr 2019 08:31 (UTC+04:00)

Bir müddətdir ki, Ermənistanda konstitusiya məhkəməsi ətrafında yaradılmış süni gərginlik davam edir. Məsələ çox sadədir. İnqilab adı ilə hakimiyyətə gələn Nikol Paşinyan sonradan, ekspertlərin təhlilinə görə diktatorluğa yuvarlandı və hakimi-mütləq olmaq arzusuna düşdü. Buna görə ölkədə onun bir sözünü iki edən olmamalıydı. Hadisələr də bu istiqamətdə inkişaf etməyə başladı. Baş nazirin xoşuna gəlməyən, fikrinin qarşısına fikir qoyanlar ard-arda işdən çıxarılır, yerinə Nikolun məsləhət bildiyi kadrlar yerləşdirilirdi. Amma növbə konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyana çatanda m məsələ qəlizləşdir. Baş nazir gözləmədiyi halda “özbaşıma” kadrla rastlaşdı və neçə vaxtdır ki, onu vaxtından əvvəl istefaya göndərə bilmir.

Səbəb nədir? Səbəb odur ki, baş nazirin istədiyi adamı qazamata salmaq üçün verdiyi tapşırıqlar Tovmasyan tərəfindən icra olunmur. Məsələn, ölkənin ikinci prezidenti Robert Köçəryanın 1 mart hadisələrinə görə Paşinyanın göstərişi ilə həbsə salınmasını Hrayr Tovmasyan qeyri-konstitusion addım adlandırıb. Buna görə əslində Koçaryan həbsdən buraxılmalı idi. Ancaq hpkumət başçısının iradəsi ilə onu həbsdən buraxmadılar və əvəzində baş nazir istədi ki, Hrayr Tovmasyan KM-nin sədrliyindən getməlidir. Hətta bunun üçün bir oyun da oynanıldı və Paşinyanın adamı olan bir vəkil özünü KM-in sədri elan etdi. Kələfin ucu dolaşdı və hazırda Avropadan belə məsələ qanun kontekstində müzakirə olunur və ortaya siyasi ixtilaflar çıxır.

Aydındır ki, Ermənistan rəhbərıiyi Avropa Şurası ilə münaqişəyə girməkdən qaçır. Amma AŞ-nın Venesian komissiyasının sədri Cianni Buqiççio bu günlərdə bəyanat verərək ixtilaf sarıdan narahatlığını dilə gətirib. Komissiya sədri parlamentin legitimliyinə diqqəti yönəltsə də, onun və dövlət qurumlarının digər seçkili orqanların legitimliyini qəbul etməli olduqlarını, onlara hörmət göstərməli olduqlarını vurğulayıb. Buqiççio tərəfləri sakitləşərək problemi əməkdaşlıq ruhunda birgə aradan qaldırmağı təklif edir.

Erməni ekspert Aram Amatuni bildirir ki,Venesian komissiyası ilə ziddiyyətə girmək əslində elə Avropa Şurası ilə açıq qarşıdurmaya getmək deməkdir.  Məsələ hələ ki, açıq qalıb. Çünki, avropalı sədr konkret təklif verməyib. Ermənistanda isə çıxılmaz vəziyyətdir. Tərəflərin heç biri geri çəkilmək fikrində deyil. Hökumət başçısı kimi Paşinyan daha üstün səlahiyyətlərə malik olsa da, KM müstəqil qurum sayıldığına görə Hrayr Tovmasyan da hüququndan tam istifadə etmək fikrindədir.

İrəvandakı İctimai şuranın sədri Vazgen Manukyan jurnalistlərlə söhbət zamanı bəyan edib ki,

Ermənistanda heç kim Tovmasyan qədər rentgen şüaları altında olmayıb, ancaq onda heç bir qüsur tapılmayıb: “Hrayr Tovmasyan hazırda Konstitusiya Məhkəməsinin müstəqilliyini qorumaq üçün mübarizə aparır. Əvvəllər Konstitusiya Məhkəməsi rəsmi baxımdan müstəqil idi, lakin bir çox hallarda, əsasən icra hakimiyyəti ilə əlaqəli olduğundan, bu və ya digər dərəcədə təsir altına düşürdü. İndi görünməmiş vəziyyət yaranıb: Konstitusiya Məhkəməsinin sədri özünü həqiqətən müstəqil aparır və qanunlara tabedir”. Yəni, bunun harası müstəqil oldu. Vazgen izah edib ki, söhbət müstəqillikdən və ya qanuna tabeçilikdən getmir, münaqişə Tovmasyanın vəzifədən getməsi ilə başlanıb və buna görə o, təqib olunur. “Bəs bu  vəziyyət düzəldilə bilərmi?” sualına cavabında ictimai şuranın sədri bildirib ki, əlbəttə, düzəldilə bilər, ancaq bunun üçün səlahiyyətli şəxslər ölkə daxilində siyasətlərini dəyişməlidirlər: “İnqilabi köpükdən qurtulmalıyıq. İnqilabdan sonra köpük həmişə əmələ gəlir, bulanıq suda balıq tutmağa çalışanlardan qurtulmalıyıq. Bu məsələnin həlli təkcə hakimiyyətdən deyil, cəmiyyətdən də asılıdır”.

Göründüyü kimi, erməni cəmiyyəti siyasi xəstəliyin kulminasiyasına yüksəlib. Didişmələr, klançılıq qanunları vecinə almır və beynəlxalq aləmdə də bu hal qəbul edilmir. Bu xəstəlikdən qurtulmağın yolu daxili və xarici siyasətdə təcavüzkar meyillərdən əl çəkməkdir. Ancaq mənən korşalmış bir cəmiyyətion üzvləri bunu bacara biləcəklərmi?

N.NOVRUZ