Ucqar ərazilərdə nağdsız ödənişlər problemi

1 Noyabr 2019 09:37 (UTC+04:00)

Ölkəmizdə turizmin inkişafı, xaricdən gələn turistlərin sayının ilbəil artması paytaxt Bakı ilə yanaşı regionlarda, ucqar ərazilərdə də rəqəmsal ödənişlərin genişləndirilməsini zəruri edir. Rəqəmsal, yəni nağdsız ödənişlər sahəsində ölkəmizdə son illərdə çox böyük dəyişikliklər müşahidə olunur. Amma təəssüflər olsun ki, bu müsbət dəyişikliklər əsasən Bakı və onun ətrafında baş verir. Regionlar, ucqar ərazilərdə nağdsız ödənişlər sisteminin yayılması prsoesi aşağı sürətlə gedir. Turizmin inkişaf etdiyi bir dövrdə nağdsız əməliyyatlar aparmaq üçün zəruri infrastrukturun yaradılmaması xarici turistlərin də narazılığına səbəb olur. Əcnəbi turustlər regionlarda nağdsız ödənişlər üçün yetərli infrastrukrun olmamasından şikayətlənirlər.

Qeyd edək ki, əcnəbu turistlər bir qayda olaraq ödənişlərini bank kartları vasitəsilə etməkdə maraqlıdırlar. 2018-ci ilin məlumatına əsasən Azərbaycanda xarici vətəndaşlar bank kartları vasitəsilə 1 milyard 278 milyon manat xərcləyib ki, bu da 2017-ci illə müqayisədə 256 milyon manat və ya 25 faiz çoxdur. Son bir neçə ilin dinamikası göstərir ki, əcnəbilərin plastik kartlar vasitəsilə xərclədiyi vəsaitin həcmi artır və qarşıdakı dövrdə də artımın qalacağı proqnozlaşdırılır.

Ölkəmizə gələn tusitlər arasında regionlara, ucqar ərazilərə səfər edənlərin sayı da artır. Belə bir vəziyyətdə regionlarda da nağdsız ödənişlərin inkişaf etdirilməsi önəmli məsələyə çevrilir.

Bu məsələ ələbəttə ki, sadəcə əcnəbi turistlər üçün önəmli deyil. İqtisadi fəaliyyətin dəqiq uçotunun aparılması, şəffaflığın yüksəldilməsi məqsədilə maliyyə xidmətlərində müasir vasitələrdən istifadədə əlçatanlıq səviyyəsi artırılmalıdır. Ödəniş sistemlərində müasir texnologiyalardan istifadə edilməsinin əhəmiyyəti “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda da öz əksini tapıb. Proqramda əsas hədəflərdən biri kimi regionlarda və ucqar ərazilərdə maliyyə inklüzivliyinin (əlçatanlığının) artırılması müəyyənləşdirilib.

Proqramda qeyd edilir k, regionlarda və ucqar ərazilərdə maliyyə inklüzivliyinin artırılması, rəqəmsal ödənişlərin stimullaşdırılması əsas prioritetlərdir: “Ölkənin təkcə iri şəhər və rayonlarında deyil, ən ucqar yerlərində də maliyyə xidmətlərinin həm əhali, həm də biznes qurumları üçün əlçatan olması təmin edilməlidir. Azərbaycanın regionlarında rəqəmsal ödənişlərin genişləndirilməsi üçün böyük potensial var. Bu məqsədlə yeni agent şəbəkələrinin inkişafına imkan yaradılmalıdır”.

Ölkə üzrə rəqəmsal ödənişlərin və maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə bəzi tədbirlərin görülməsi nəzərdə tutulur. Rayon mərkəzlərindən kənar ərazilərdə əhali və biznesə maliyyə xidmətlərindən istifadə imkanlarının yaradılması məqsədilə müvafiq infrastruktur genişləndiriləcək. Bank filial və şöbələrinin olmadığı, yaxud az olduğu ərazilərdə, xüsusilə rayon mərkəzlərindən uzaq yaşayış məntəqələrində bank-maliyyə xidmətlərinin istehlakçılara əlçatanlığını təmin etmək məqsədilə banklarla müxtəlif “ödəniş agentləri” arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

Beynəlxalq təcrübədən istifadə edilməklə, bank olmayan ödəniş xidməti təchizatçılarının “ödəniş agenti” şəbəkəsinin fəaliyyətinin genişləndirilməsi təşviq ediləcəkdir. Bununla, ödəniş xidmətlərinin göstərilməsində rəqabət mühiti gücləndiriləcək, regionlarda və ucqar ərazilərdə maliyyə xidmətlərinə çıxış imkanları daha da yaxşılaşdırılması təmin olunacaq. Hesablamalara görə bu prioritetin həyata keçirilməsi üçün 1 milyon manat investisiya qoyuluşu tələb oluna bilər.

Regionlarda nağdsız ödəniş şəbəkəsinin zəif inkişaf etməsinə təsir edən amillər arasında insanların müasir vasitələrdən istifadə ilə bağlı biliklərinin, vərdişlərinin aşağı səviyyədə olması göstərilir. Rəqəmsal vasitələrdən istifadə səviyyəsi aşağı olduqda infrasturkturu saxlamaq iqtisadi cəhətdən rentabelli olmur. Buna görə də Azərbaycanda rəqəmsal ödənişlərlə bağlı ictimai məlumatlılığın artırılması vacibdir. Bu məqsədlə müvafiq təşkilatlar tərəfindən davamlı olaraq müxtəlif layihələr həyata keçirilir. Xüsusi portallarda (informasiya resurslarında) bank, depozit, kredit, büdcə hesablaşmaları və rəqəmsal ödənişlər haqqında faydalı məlumatlar yerləşdirilir.

Lakin əhalinin bir qismi nağdsız ödənişlərin həyata keçirilməsi qaydaları ilə bağlı yetərli məlumatlara malik deyil. Bu, regionlarda özünü kəskin şəkildə büruzə verir. Əhalinin bəzi qrupları (pensiyaçılar, evdar qadınlar) arasındakı məlumatsızlıq xüsusilə ciddi xarakter daşıyır. Əhalinin bu sahədə kifayət qədər məlumatlı olmaması nağdsız ödənişlərin həcminə və maliyyə inklüzivliyinə mənfi təsir göstərir.

Nağdsız ödənişlərdən istifadənin artırılması məqsədilə həm Bakıda, həm də regionlarda stimullaşdırıcı və qadağanedici tədbirlərin görülməsi vacibdir. Xüsusilə regionlarda bu cür tədbirlərin görülməsi rəqamsal texnologiyalardan istifadə sviyyəsini artıra bilər. Bununla bərabər rəqəmsal infrastrukturun mühüm hissəsini təşkil edən bankomatların, POS terminalların quraşdırılması genişləndiirlməlidir. Bu məsələdə banklara və xidmət, ticarət sektoruna müəyyən dəstəyin göstərilməsi, istehlakçılar üçünsə stumullaşdırıcı imkanların yaradılması vacibdir.

 

Vasif CƏFƏROV