ABŞ dolları ucuzlaşdırır, manatın taleyi necə olacaq?!

1 Noyabr 2019 08:11 (UTC+04:00)

 

ABŞ Mərkəzi Bankının (FED) pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) bu il ərzində növbəti, üçüncü  faiz qərarı açıqlandı. FED faizləri 1,75% - 2.00% aralığından 1.50% - 1.75% aralığına endirib. Əksər iqtisadçılar da faizlərin 25 bənd azaldılacağını gözləyirdilər.

Qeyd edək ki, FED iyul iclasında faizləri 25 bənd azaldaraq 2,25% - 2,50% aralığından 2% - 2,25% aralığına, sentyabrda isə 25 bənd azaldılaraq 2% - 2,25% aralığından 1,75% - 2% aralığına endirmişdi.

Bildirildiyinə görə, makroiqtisadi göstəricilərin pisləşməsi, ABŞ və Çin arasındakı ticarət müharibəsi, Brexit və qlobal iqtisadi artıma dair narahatlıqlar FED-i faiz endiriminə məcbur edib. Bəs, Federal Ehtiyat Sisteminin  uçot dərəcəsini yenidən aşağı salması dolların mövqeyinə, onun manata nisbətdə məzənnəsinə necə təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, FED-in uçot dərəcəsini aşağı salmasına rəğmən, manatın dollara nisbətdə kursunda heç bir dəyişiklik olmayacaq: “FED-in verdiyi belə qərarlar bir sıra hallarda siyasi amillərdən qaynaqlanır. Çünki dünyada hazırda ticarət müharibələrilə yanaşı, ciddi valyuta müharibələri də gedir.

Dünya iqtisadiyyatında mühüm rol oynayan böyük ixracatçı ölkələr öz mili valyutalarının çəkisinin ağır, başqa valyutalara nisbətdə baha olmasında maraqlı deyillər. Məsələn, Çin tarixində ilk dəfə yuanın məzənnəsini çox aşağı saldı və bir dollar 7 yuandan da bah aodu.  Ardınca ABŞ tərəfindən də belə addımların atılacağı gözlənilən idi. Federal Ehtiyat Sisteminin bu siyasətdə əsas hədəfi daha ucuz kreditlərin çıxış imkanlarının artması və biznesin rəqabətə davamlığını artırmaqdan ibarətdir. Ona görə də sözügedən qurum əslində, dolları ucuzlaşmasında maraqlıdır. Məqsəd olaraq qarşıya bu qoyulub. Ona görə də artıq bir neçə gündür belə bir qərarın çıxacağını gözləyən birjalarda dolların ucuzlaşması onsuz da baş verirdi.

Hələ xeyli əvvəl analitiklərin mütləq əksəriyyəti sözügedən qərarın veriləcəyini söyləyirdi. Dolların digər valyutalara nisbətdə ucuzlaşması davam edir. Dünya birjalarında dolların əsas valyutalara qarşı təxminən 0,59 faizə qədər ucuzlaşmasını müşahidə etdik.

FED-in sözügedən qərarının Azərbaycana birbaşa təsirləri heç zaman olmayıb. Çünki ölkəmizdə məzənnə inzibati qaydada tənzimlənir. Mərkəzi Bankın son açıqlamaları da bunu sübut edir. Azərbaycanda son iki ildə manatla dolların məzənnəsində hər hansı bir dəyişiklik baş verməyib. Bu dəyişkənliyin olmamasının əsas səbəbi də Mərkəzi Bankın dollar məzənnəsini inzibati qaydada tənzimləməsidir.

Ona görə də FED-in son qərarının dolların manata nisbətdə məzənnəsinə birbaşa təsirləri olmayacaq. Ancaq dünya ölkələrinə dolayı, müsbət təsirlər ola bilər. Belə ki, bu fonda beynəlxalq kreditlərin də ucuzlaşması gözlənilir. Bu nöqteyi-nəzərdən atılan həmin addım dünya iqtisadiyyatında müəyyən pozitiv dəyişikliklərə səbəb ola bilər. Manatla dolların məzənəsi isə olduğu kimi qalacaq”.

İqtisadçı-ekspert Ruslan Atakişiyev də bu qənaətdədir ki, FED-in son qərarının manatla dolların kursuna hər hansısa bir formada təsiri olmayacaq: “Əslində, Azərbaycan manatı tam olaraq üzən məzənnə sisteminə keçməyib. Manatın məzənnəsi bu və ya digər şəkildə dövlət tərəfindən tənzimlənir. Sadəcə olaraq, ABŞ Federal Rezerv Sisteminin həyata keçirdiyi qərar və addımları prosesdən asılı olaraq manata olan kənar təzyiqləri artırır və yaxud azaldır. Ancaq bununla belə, FED-in atdığı son addım da manatın dollara nisbətdə məzənnəsində heç bir dəyişikliyə səbəb olmayacaq. Mövcud vəziyyət qalacaq. Çünki məzənnə tənzimlənir.

Büdcə sənədlərinə baxanda da görürük ki, məzənnənin mövcud vəziyyətdə saxlanılması hədəflərdən biridir. Təbii ki, uçot dərəcəsinin aşağı salınması banklara, maliyyə institutlarına FED vasitəsilə maliyyə cəlbi imkanlarını artırır. Yəni həmin qurumlar bu fonda daha çox FED-dən maliyyə cəlb etməyə meyllənirlər. Uçot dərəcəsinin bu müstəvidə aşağı endiriməsi də ucuz maliyyə təminatını şərtləndirir. ABŞ-ın özü də hazırda bahalı valyutanın olmasında maraqlı deyil. İstehsalı genişləndirib satışın artımına nail olmaqla hardasa valyutanın ucuzlaşmasına çalışırlar”.

Rüfət NADİROĞLU