Köhnə avtomobillər dövriyyədən çıxarılır

1 Noyabr 2019 08:41 (UTC+04:00)

Dünyada olduğu kimi, Azərbaycanda da atmosferin çirklənməsində istehsal tarixi çox olan avtomobillərin xüsusi çəkisi var. Hazırda Azərbaycanda istisdmar olunan 1 milyon 402 mindən artıq avtomobilin hardasa 19 faizindən çoxu istehsal tarixi 30 ildən yuxarı olan nəqliyyat vasitələridir.

Bu məsələ barədə həyacan təbili çalan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin avtomobil parkının köhnəlməsinin intensiv şəkildə getdiyini də deyib: “Nəqliyyat vasitəsindən 35%-nin istehsal tarixi 10 ildən, 23%-nin istehsal tarixi 20 ildən, daha 19,1%-nin istehsal tarixi isə 30 ildən yuxarıdır".

M.Babayev qeyd edib ki, nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər. O həmçinin əlavə edib ki, ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır.

Köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması üçün  ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi mümkündürmü?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov öncə bildirdi ki, utilizasiya prosesi ancaq dövlət tərəfindən köhnə avtomobil sahiblərinə kompensasiya ödənilməsi fonunda baş verməlidir: “Köhnə avtomobillərin yığışdırılması, utilizasiyası baş verərsə, birmənalı şəkildə həmin addımın dövlət tərəfindən kompensasiya ödənilərək reallaşmasına ehtiyac var. Yəni köhnə avtomobillər yığışdırılmalıdır, ancaq kompensasiyanın ödənilməsi şərtilə.  Yalnız avtomobil sahibinə kompensasiya ödənilməklə onun nəqliyyat vasitəsinin utilizasiyası həyata keçirilə bilər.

Elə avtomobillər var ki, köhnə və ekoloji mənada zərərli olmaqla yanaşı, həm də qəza hadisələri baxımından da kifayət qədər risqlidir.  O baxımdan həmin avtomobillərin utilizasiyası baş verməlidir. Amma utilizasiya prosesi avtomobil sahibləri üçün hər hansı bir əlavə xərc yaratmamalıdır. Dövlət tərəfindən həmin nəqliyyat vasitələrinin alınması həyata keçirilə və bundan sonra utilizasiya edilə bilər. Hətta ehtiyac olduqda belə avtomobillərin yararlı ehtiyat hissələrindən istifadə etmək də olar. Ya da tamamilə dövriyyədən çıxarılıb ləğv edilə bilər”.

Bununla yanaşı, ekspert onu da qeyd etdi ki, köhnə maşınların utilizasiyası ilə yanaşı, yeni avtomobillərin ölkəyə gətirilməsi prosesinin təşviqinə də ehtiyac duyulur: “Təəssüf ki, hələlik ölkəyə yeni avtomobillərin gətirilməsinin təşviqini müşahidə etmirik. Ölkəyə idxal olunan nəqliyyat vasitələrinə tətbiq olunan vergi, gömrük rüsumları, aksiz dərəcələri demək olar ki, hər il artır. Bu da yeni maşınların ölkəyə gətirilməsinin stimullaşdırılmasının qarşısını alır. Əsasən də mühərriki kiçik olan maşınlar üçün aşağı dərəcələrin təyin olunmasının tərəfdarıyıq. Çünki aksiz dərəcəsinin yüksək olması Azərbaycanda avtomobil parkının daha sürətlə köhnəlməsinə təsir edir. Belə davam etdikcə, avtomobil parkının köhnəlməsini növbəti illərdə də müşahidə edəcəyik. Bu da arzuolunan deyil. Ona görə də gömrük və aksiz dərəcələrinə baxılaraq onların optimalalşdırılmasına ehtiyac vardır. Xüsusən də mühərrikin gücü 2400 kubsantimetrədək olan avtomobillərə daha aşağı rüsumlar müəyyənləşməlidir. Bu addmlar atılarsa, ölkəyə gətirilən avtomobillərin içərisində yenilərinin sayında əhəmiyyətli artımlar olacaq. İndilikdə isə rüsumun yüksək olması bu prosesin baş verməsinə əngəl olur.  Yəni utilizasiya prosesilə yanaşı, avtomobil gətirilməsinin stimullaşdırılmasına da ehtiyac vardır”.

R. SOLTANOV