Mingəçevirdə doğuşdan sonra baş verən ana ölümü ilə bağlı ekspertiza ilkin rəy verib. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva Movqe.az-a açıqlama verərək bildirib ki, ilkin diaqnoza görə Tağıyeva Günel Şahlar qızı kəskin tənəffüs və ürək-damar çatışmazlığı nəticəsində dünyasını dəyişib: "Bu ilkin diaqnozdur. Amma yeni ana olan T. Güneldə kəskin tənəffüs və ürək-damar çatışmazlığının hansı səbəbdən yarandığını komissiya araşdırır".
L. Seyidəliyevanın sözlərinə görə, hazırda Mingəçevirdə baş verən ana ölümünün səbəbi Nazirliyin Doğuşa Yardım Komissiyasında araşdırılır. L. Seyidəliyeva ana ölümünün doğuşla bağlı-olub olmamasının aparılan araşdırmanın və tibbi ekpertizanın rəyindən sonra bəlli olacağını söylədi: "T. Güneldə doğuşdan sonra qıcolmalar müşahidə olunub. Amma ölümün qıcolmalarla əlaqəli olub-olmadığı hələ dəqiqləşdirilməyib. Bütün bunları dəqiqləşdirmək üçün doğuşdan sonra ölən ananın tibbi sənədləri, hamiləlik zamanı keçdiyi müayinələr və sair araşdırılacaq".
Xatırladaq ki, T. Günel may ayının 27-də Mingəçevir Rayonlararası Doğum evinə doğuş üçün qəbul edilib. T. Günel həmin gün təbiii yolla 2 kiloqram çəkidə uşaq dünyaya gətirib. İyun ayının 3-də isə T. Güneldə qıcolmalar müşahidə olunub. Xəstənin müayinəsi üçün Bakıdan Mingəçevirə həkimlər göndərilib. Amma ananın həyatını xilas etmək mümkün olmayıb.