Müxalifətin xarici himayədarlara arxalanması rəzillik və satqınlıqdır

14 Noyabr 2019 08:44 (UTC+04:00)

Bu gün ictimai həyatda vətənpərvərlikdən dəm vuranlar daha çox müxalif cəbhədə yer alanlardır. Hətta o dərəcədə pafosla danışırlar ki, istər-istəməz diqqət yetirməli olursan, amma dərinə gedəndə bu cür vətənpərvərliyin saxtalığı üzə çıxır. Hər bir cəmiyyətdə nöqsanlar var. Əhalinin bütün təbəqələri arasında kimdənsə, nədənsə narazı olan şəxslər var. Bu, təbiidir. Lakin bu kimi təbii prosesləri şişirdib cəmiyyətin ziddiyyətinə çevirmək, şəxsi mənafe üçün predmet olaraq istifadə etmək cəhdləri qeyri-təbiidir. Xüsusilə, ictimai-siyasi sabitliyi pozmaqla əhalinin rahatlığını əlindən almaq, ümummilli mənafelərdə ayrı-seçkilik yaratmaq, əksər hallarda isə xarici pozucu qüvvələrin istəyilə hərəkət etmək bütün parametrlərdə yolverilməzdir. Amma nə edəsən ki, radikal müxalifət adı ilə bəzi ünsürlər qrup halında birləşərək bu yollarla gedirlər.  

Azərbaycan Prezidenti İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşündə belələri haqda deyib: “Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar”. 

Və bu adamların sığındığı yer xaricdir. Hansı ölkə olmasından asılı olmayaraq, öz vətənində oturub xaricə işləmək satqınlıq və rəzillikdir. Məsələ burasındadır ki, bu gün müxalifət adlanan düşərgə Azərbaycan xalqının bir nömrəli problemi olan ərazi bütövlüyünün bərpası ilə əlaqədar xarici qüvvələrlə birgə platformadan çıxış edir. Ölkə müharibə şəraitindədir, xalq döyüşlərin canlandırılmasını arzulayır. Ancaq Milli Şura adlandırılan “vətənpərvər” təşkilatın sədri ABŞ-da 5-3 nəfərlə toplantı keçirir, hökumətimizi tənqid edir, amma Qarabağın işğalı barədə bir kəlmə də demir. Niyə? Belə vətənpərvərlikmi olar? “Vətənpərvər” MŞ sədri Cəmil Həsənlinin radikallığı ondan ibarət imiş ki, nırx dirənib Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun əleyhinə danışmaq əvəzinə Azərbaycan hakimiyyəti əleyhinə danışsın.

Ötən ay müxalifətin icazəli piket keçirmək səyi iflasa uğrasa da bu dəstənin rəhbəri Əli Kərimli başda olmaqla təşkilatçılar aranı qarışdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Onların fəaliyyətindən aydın görünür ki, məqsəd piket keçirmək yox, siyasi şou düzəldib öz əsas məqsədlərini həyata keçirməkdir.

Zaman-zaman AXCP-nin sədri Əli Kərimlinin siyasətlə yox, siyasi alverlə məşğul olması öz partiyadaşları tərəfindən də ifşa olunub. Bu yaxınlarda partiyanın ən səlahiyyətli orqanlarından birinə rəhbərlik edən Aydın Əliyev sosial şəbəkə vasitəsilə partiya üzvlərinə videomüraciət ünvanlayıb və Ə.Kərimlinin demokratiya uğrunda “mübarizə”sinin söz оyunundan başqa bir şey olmadığını vurğulayıb.  Aydın Əliyev onun  partiya daxilində sərt diktatura rejimi yaratdığını, ətrafındakıların fikirləri ilə hesablaşmadığını, partiyanı özünün biznes strulturuna çevirdiyini yanğı ilə bilıdirib. Çünki, bu tip müxalifətçilər sifarişləri və göstərişləri xaricdən aldıqlarına görə başqa cür hərəkət edə bilməzlər. Onların keçirdikləri aksiyalar daha çox xaricdə müəyyən dairələr üçün hesablanıb və bu zaman qarşıdurmanın olması, buna dair görüntü yaradılması cəhdləri planlaşdırılmış fəaliyyətdi və mütləq ön plana düşməlidir ki, fotosunu paylaşıb, “demokratiya və hüquqdan” dəm vura bilsinlər. Əks halda Azərbaycanı və onun hakimiyyətini tənqid etmək üçün əldə heç bir fakt yoxdur.

N.NOVRUZ