Beynəlxalq təşkilatlar manatla daha çox istiqraz buraxacaq

14 Noyabr 2019 09:55 (UTC+04:00)

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2020-ci ildə ikinci dəfə manat istiqrazları buraxmağı düşünür. Bu barədə QDTİB-nin prezidenti Dmitri Pankin bildirib.

O, Azərbaycanda qiymətli kağızlar bazarının davamlı inkişafını dəstəkləmək, yerli bazarın, o cümlədən kiçik sahibkarların manat ehtiyaclarını çevik ödəmək niyyətində olduqlarını açıqlayıb: “Milli valyutada maliyyələşdirməyin konkret ehtiyacından asılı olaraq 2020-ci ildə ikinci istiqraz tranşı buraxmaq imkanlarını müzakirə edirik”.

Tədavül müddəti 730 gün olan istiqrazlar illik 9,25 faiz gəlir gətirib, sahiblərinə faiz ödəmələri hər rüb həyata keçirilir. İstiqrazların xitam verilmə günü 31 iyul 2021-ci il tarixidir.

QDTİB ümumilikdə 50 milyon manat həcmində manatla iqtiqraz buraxmağı düşünür. İlk tranşda 10 milyon manat həcmində istiqraz buraxıb. 2019-cu ilin avqustun 1-də hərəsi 1000 manat dəyərində 10 min istiqraz buraxaraq Bakı Fond Birjasında yerləşdirib. Sərmayədarlar tərəfindən bütövlükdə 81 milyon manat məbləğində 63 ərizə verilib, yəni tələbat təklifdən 8 dəfə çox olub.

QDTİB-dən başqa daha üç tanınmış beynəlxalq maliyyə qurumu Azərbaycanda manatla istiqraz yerləşdirməkdə maraqlıdır. Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsi nəzərdə tutulur.

Tanınmış beynəlxalq təşkilatların manatla istiqraz buraxması əslində Azərbaycanın maliyyə vəziyyətinin, o cümlədən monetar şəraitinin müsbət olduğunun göstəricisidir. QDTİB-nin ilk addım atması bu baxımdan önəmlidir. Məlumatlara əsasən artıq Asiya İnkişaf Bankının da manatla istiqraz buraxılmasına hazırlıq gedir.

Manatla iqtiqraz buraxılmasında əsas məqsəd kiçik və orta biznesin kredit vəsaitlərinə olan ehtiyacının qarşılanmasıdır. İqtiqrazların manatla yerləşdirməsi sahibkarlara risk yaratmayacaq. Əgər iqtiqrazlar dollar və ya avro ilə yerləşdirilsəydi manatın məzənnəsinin dəyişməsi halında bu, sahibkarlar üçün böyük problemlər yarada bilərdi.

Manatla istiqraz buraxılmasının başlıca səbəbi Azərbaycanın tədiyyə balansının vəziyyətinin müsbət olmasıdır. Tədiyyə balansında tarazlığın yaranması 2017-ci ilin martından manatın məzənnəsinin sabit olmasına şərait yaradıb. İstiqrazların 2021-ci ilə qədər dövriyyədə olması ondan xəbər verir ki, hələ ən azı bir neçə il manatın kursu sabit qalacaq. Bu inamın nəticəsidir ki, QDTİB manatla istiqrazların buraxılışında ikinci tranşa başlamağı düşünür. İkinci emissiyanın ardından yuxarıda adı çəkilən nüfuzlu beynəlxalq maliyyə instututlarının da oxşar addım atması realdır.

Azərbaycan manatla istiqraz buraxmaq istəyən beynəlxalq maliyyə qurumlarının üzvləridir. Ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlara məxsus yerli valyutada emissiya olunacaq qiymətli kağızların fond birjasına çıxarılması və kütləvi təklif üsulu ilə yerləşdirilməsi ölkənin qiymətli kağızlar bazarının inkişafına və dərinləşməsinə əlavə stimul yaradacaq. Sözügedən istiqrazlar özəl sektor üçün sərmayə qoyuluşunu dəstəkləyəcək alternativ maliyyə mənbəyi kimi çıxış edəcək. Xüsusilə də kiçik və orta biznesin inkişafı baxımından maliyyə təminatının yaxşılaşacağı güman edilir.

Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar Azərbaycanda maliyyə sabitliyinə, sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcəkdir.

İqtiqrazın buraxılması maliyyə sistemində müsbət dinamikanın olmasının, sabitliyin, Azərbaycan manatının güvənli valyuta olmasının göstəricisidir. Gələcəkdə manatla qiymətli kağızlara yatırım artarsa bunun müsbət təsirləri daha hissedilən olacaq. Manatla yerləşdirilən istiqrazların maliyyə sisteminə təsiri onun həcmindən asılı olacaq. Gələcəkdə həcmin artması fonunda manata yatırım cəlbedici maliyyə alətinə çevrilə bilər ki, bu da ölkənin maliyyə sisteminə inamın artmasının göstəricisi olacaq.

Manatla iqtiqrazların davamlı emissiyası həm də Azərbaycanda kapital bazarına marağın artmasının göstəricisidir. Marağın artmasında SOCAR-ın buraxdığı istiqrazların uğurla yerləşdirilməsinin böyük əhəmiyyəti olub. SOCAR-ın istiqraz buraxmasının səbəblərindən biri məhz kapital, qiymətli kağızlar bazarında iqtiqazlara, onunla işləməyə marağı artırmaq, sərmayə qoyuluşunu artırmaq idi.

Manatla istiqrazların buraxılması eyni zamanda manatın dəyərlənməsinə, onun qüvvətlənməsinə kömək edəcək, eyni zamanda maliyyə bazarında sabitliyin təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Əgər yaxın gələcəkdə manatla emissiya edilən istiqrazların həcmi 100 milyon manatı ötərsə bunun Azərbaycanın maliyyə bazarında sabitliyin möhkəmlənməsinə təsirini hiss edə biləcəyik. Müsbət dinamikanın davam edəcəyi təqdirdə manatla daha çox beynəlxalq təşkilatın istiqraz buraxması mümkündür.

 

Vasif CƏFƏROV