Azərbaycanda dövlətin sosial siyasətinin mahiyyəti iqtisadi inkişafın nəticələrini əhalinin sosial rifahını yüksəltməyə yönəltməkdir. Bu ilin əvvəlində Prezident İlham Əliyev tərəfindən təqdim edilən yeni uğurlu sosial paket də Azərbaycan iqtisadi inkişaf modelinin əsas prinsiplərinin təsdiqidir. Həyata uğurla vəsiqə almış islahatlar paketində minimum əməkhaqqının, habelə diaqnostikadan keçən müəllimlərin, dövlət qulluqçularının, hərbi və hüquq-mühafizə orqanlarında və bir sıra dövlət müəssisələrində çalışanların əmək haqlarının artırılması baş verib.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Azərbaycanda 2017-ci il sabitləşmə, 2018-ci il iqtisadi artımın bərpası, 2019-cu il isə sosial rifah ili statusuna yiyələnib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı getdikcə güclənir. Məsələn, Azərbaycan iqtisadiyyatı bu ili də artımla başa vuracaq. Bu, həm Azərbaycan hökuməti, həm Dünya Bankı, həm də digər mötəbər qurumlar tərəfindən bəyan edilir. Digər tərəfdən, aydındır ki, iqtisadiyyat gücləndikcə şəffaflıq və hesabatlılıq da artır. Xüsusən vergi və gömrük sahəsində aparılan islahatlar dövlət büdcəsi gəlirlərinin artmasını sürətləndirib. Belə halda təbii ki, artan gəlirlər əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldiləcək.
Təsadüfi deyil ki, bu il sosial sahədə həyata keçirilən layihələrdən sonra baş vermiş sözügedən artımlar nəticəsində Azərbaycanda minimum əməkhaqqı alıcılıq qabiliyyəti pariteti ilə götürüləndə MDB məkanında ikinci yerdə dayanır. Bu baxımdan Şərq Tərəfdaşlığı ölkələri arasında isə birinci yerdədir. Eyni zamanda, minimum əmək haqqına görə, respublikamız Cənubi Qafqaz ölkələri arasında birinci yerdə durur. Aparılan sosial islahatların iqtisadiyyata da müsbət təsiri olacaq. Belə ki, əhalinin gəlirlərinin artması tələbi stimullaşdırır, tələb isə təklif yaradır və iqtisadi aktivliyi canlandırır. Bu isə ölkənin ümumdaxili məhsulunun artması deməkdir, deməli, gələcəkdə də sosial tədbirlər davam edəcək. Bu günlərdə dövlət başçısı artıq gələn il maaşların və müavinətlərin yenidən artırılacağı anonsunu verib.
2019-cu ildə isə artıq iqtisadi artımın yüksək səviyyəsi qeydə alınıb. Beləliklə, göründüyü kimi, sosial layihələrin reallaşdırılmasına əlverişli imkan yaranıb. Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı gəlirlərin artması sosial rifahın yaxşılaşmasına səbəb olan layihələrin gerçəkləşdirilməsini şərtləndirib. Ona görə də sosial islahatlar paketinin mərhələ-mərhələ reallaşdırılmasında qeyri-adi bir yanaşma yoxdur. İslahatlar davamlı xarakter daşıyır. Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib. Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmini ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsinə, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub.
Nəsərə alsaq ki, 2020-ci ildə büdcə xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcəkdir, onda həyata keçiriləcək sosial paketlərin reallığı bəlli olar. Faktlar və planlar sübut edir ki, gələn il dövlət büdcəsinin sosial istiqamətdə inkişafı əhalinin rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq.
N.NOVRUZ