Dini liderlərin Bakı sammiti qlobal sabitliyin möhkəmlənməsinə əvəzsiz töhfələr verir

19 Noyabr 2019 08:57 (UTC+04:00)

Məlumdur ki, noyabrın 14-15 arasında Azərbaycan paytaxtında Dünya dini liderlərinin II Bakı Sammiti baş tutdu. Möhtəşəmliyilə yadda qalan bu sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın nümayəndə cəlb olundu.

Qeyd edək ki, ikigünlük sammit çərçivəsində “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılıb.

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, dünya dini liderlərinin II Bakı sammiti bir daha onu təsdiqlədi ki, Azərbaycan paytaxtından dünyaya sülh, əmin-amanlıq birgəyaşayış mədəniyyəti, dinlər və mədəniyyətlərarası dialoq mədəniyyəti ixrac olunur: “2010-cu ildə ilk dəfə bu tədbir keçirilərkən də Azərbaycan eyni mövqedən çıxış edirdi. Üstündən 10 il keçəndən sonra Azərbaycan paytaxtından dünyaya ünvanlanan bu ismarıclarla bağlı olan məsələlər daha da qəlizləşib. Yəni dünyamız daha da mürəkkəb olub, mədəniyyət və dinlərarası dialoq sahəsində ciddi problemlər yaranıb. O cümlədən müxtəlif etnos və müxtəlif dinlərin daşıyıcıları arasında ciddi qarşıdurma meylləri var.

Müəyyən siyasi dairələr islamafobiya, ksenofobiya kimi qorxulu təhdidlərin genişlənməsinə imkanlar yaradır. Multikulturalizmin iflasa uğradığını deyən qüvvələrin də sayı artır.  Belə bir reallıqlar  fonunda Azərbaycan dünya üçün ciddi önəm daşıyacaq mühüm mədəniyyətlərarası, dinlərarası dialoq məkanına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında bu məqamlara xüsusi önəm verərərək bir daha qeyd etdi ki, bu istiqamətdə birgə fəaliyyət göstərməsək, qarşıda böyük problemlərlə üz-üzə qala bilərik. Prezident həyəcan təbili çalaraq əl-ələ verib sözügedən təhdidlərə qarşı birgə mübarizə aparmağın vacibliyini də qeyd etdi. O, həmçinin, bu sahədə Azərbaycanın atdığı addımlara diqqəti cəlb edərək bildirdi ki, Bakıda I Avropa Oyunları, ardınca IV İslam Həmrəylik Oyunları keçirildi. Azərbaycan həm müsəlman ölkəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının, eyni zamanda Avropa Şurasının üzvüdür”.

Deputat qeyd etdi ki, bu kimi sammitlər Azərbaycanın dünya miqyasında nüfuzunun artmasına daha bir əyani nümunədir: “Bu çox nadir hadisələrdən biridir ki, bir ölkənin paytaxtında iki müxtəlif dini sivilizasiya daşıyıcıları arasında belə sammitlər keçirilir. Azərbaycan bu siyasətini sistemli şəkildə həyata keçirir. Azərbaycan paytaxtında Bakı Humanitar və mədəniyyətlərarası dialoq forumları keçirilir. Habelə BMT-nin Sivilizasiyalararası Alyans Qlobal Forumuna da ev sahibliyi etmişik. Azərbayan Prezidentin təbirincə desək, dünya miqyasında elə də böyük dövlət olmasaq da, sözümüzün mənası və çəkisi böyükdür. Ölkəmiz elə təşəbbüslərlə çıxış edir ki, o, nəticə etibarı ilə dünyada sülhə, əmin-amanlığq xidmət etmiş olur. Yəni, Azərbaycanın çıxış etdiyi təşəbbüslər nəticə etibarı ilə müxtəlif din və etnos daşıyıcılarının ölkəmizdə bir ailə kimi harmonik yaşayışını təmin edir. Azərbaycan Prezidenti ona da diqqət yetirdi ki, Azərbaycan dünyada sülhün, multikultural dəyərlərin daşıyıcısı rolunda çıxış etsə də, Ermənistanın işğalçılıq siyasəti nəticəsində dövlətimiz böyük bir humanitar fəlakətlə üz-üzə qalıb.

Artıq 30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır, 1 milyondan artıq qaçqınımız var. Buna baxmayaraq, işğalçı hələ də cəzasız qalır. Bütün bu məqamlar da dövlət başçısı tərəfindən dünyanın dini liderlərinin diqqətinə çatdırıldı. Bu sammit həmçinin Azərbaycanın regionda oynadığı həlledici mövqeyinin, eyni zamanda beynəlxalq aləmdə oynadığı əhəmiyyətli rolunun göstərilməsi baxımından da mühüm önəm kəsb edir. Həmin sammitlə bir daha Azərbaycan paytaxtından dünyaya birgəyaşayış mədəniyyəti, multicultural dəyərlər, sivilizasiya və dinlərarası dialoqla bağlı mühüm mesajlar ünvanlandı”.

Rüfət NADİROĞLU