Uğurlu islahatlar radikal düşərgəni təşvişə salıb

19 Noyabr 2019 09:26 (UTC+04:00)

Bu günlər dövlətin yeni iqtisadi–siyasi islahatlar aparması, fərqli sosial zümrələrə açılma, Prezidentin ictimai nəzarət üçün cəmiyyətdən dəstək istəməsi Azərbaycanımızın taleyinə biganə qalmayan bütün sivil qüvvələr tərəfindən təqdirlə qarşılanır, ölkədə yeni, daha sağlam siyasi mühit yaranır. Amma bununla paralel olaraq əsasən Əli Kərimli və radikal antimilli ətrafının get-gedə daha da ifrat, barışmaz mövqeyə yuvarlanmasının şahidiyik.  Buna səbəb nədir?

Politoloq Elşən Mirzəoğlunun fikrincə, radikal müxalifətin ifrat, barışmaz mövqeyə yuvarlanması onun xalqdan uzaq düşməsi, dövlət maraqlarına zidd fəaliyyəti və siyasi mübarizənin müasir metodlarına yiyələnə bilməməsindən qaynaqlanır: “Müxalifətin məlum qanadının hakimiyyətə qarşı mübarizədə seçdiyi ifrat, barışmaz mövqe yolu təbii ki, onun müasir dövrün istəklərini qəbul edə bilməməsi və hakimiyyətlə mübarizənin sivil metod və üsullarına hələ də yiyələnə bilməməsilə bağlı amilləri özündə ehtiva edir. Yəni bu müxalifət hələ də keçən sərin 90-cı illərin əvvəllərində hakimiyyət uğrunda mübarizədə apardığı eyni üsul və metodlardan yararlanmaqla iqtidara gələ biləcəyini zənn edir. Hansı ki, həmin dövrün xarakteristikası, ab-havasına cənab Prezident bu günlərdə Bakıda keçirilən Dünya dinləri başçılarının keçirdiyi mötəbər toplantıda bir daha aydınlıq gətirdi.

Keçən əsrin 90-cı illərində Azərbaycanda bir növ hakimiyyətsizlik, ciddi siyasi-iqtisadi böhran hökm sürürdü. Azərbaycan dövlətçiliyi ciddi sınaq qarşısında qalmışdı. Hələ o zaman müxalifət Azərbaycanın ümummilli maraqlarına xidmət etmək əvəzinə, təəssüf ki, fərqli mövqe tutdu. Bu mövqe də müxalifətin daha çox korporativ, konyuktur maraqlarından irəli gəlirdi. Ancaq artıq Azərbaycan dövləti kifayət qədər möhkəmdir. Aparılan iqtisadi, siyasi islahatlar nəticəsində ölkə daxilində hakimiyyətin mövqeyi kifayət qədər möhkəmlənib. Azərbaycanın nüfuzu ilə bir çox dünya dövlətləri, beynəlxalq təşkilatlar hesablaşır.

Dövlətlərarası münasibətlərdə Azərbaycan etibarlı tərəfdaş imici və statusunu qazanıb. Hakimiyyətin həyata keçirdiyi islahatlar nəticəsində ölkədə əhalinin maddi durumunun yüksəldilməsi istiqamətində ciddi uğurlar əldə edilib. Ölkədə bütün sahələrdə sabitlik hökm sürür. Təhlükəsizliklə bağlı amillər öz həllini yüksək səviyyədə tapıb. Nəticədə əhalinin müxalifətin məlum qanadına inamı daha da azalıb. Bununla bağlı olaraq müxalifətin həmin qanadının sosial bazası, elektoral məkana təsir imkanları daha da məhdudlaşır. Bu mənada müxalifət əhalini primitiv, çoxdan öz əhəmiyyətini itirən metodlarla mübarizəyə səsləməklə də cəmiyyətdə hər hansı bir nüfuz qazana bilmir. Əhali hökumətin gördüyü işləri, aparılan islahatların müsbət nəticələrini öz üzərlərində hiss edir. Ona görə də getdikcə daha böyük səylə iqtidara dəstək verirlər.  Bunun müqabilində müxalifətin məlum kəsiyi daha ifrat mövqe sərgiləməklə olan-qalan nüfuzlarını da itirirlər. Bunların nəticəsidir ki, müxalifətin çağırışlarına ciddi dəstək də yoxdur. Əhalinin mütləq əksəriyyəti Prezident və onun həyata keçirdiyi islahatları dəstəkləyir.

Təbii ki, ölkədə sosial sabitliyin olduğu bir yerdə, müxalifətin ölkəni xaosa, vətəndaş qarşıdurmasına sürükləmək cəhdləri bir nəticə verməyəcək. Ona görə də müxalifətin bu çabaları virtual aləmdə fırtına yatarmaqdan başqa bir şey deyil”.

Həmsöhbətimiz qedy etdi ki, müxalifət stəkanda fırtına yaratmaqla Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan müəyyən mərkəzlərin diqqətini özünə cəlb etmək istəyir: “Polisə daş atan bir müxalifətin ölkənin siyasi sistemində uzun müddət duruş gətirəcəyi də gözlənilmir. Radikal kəsimin ölkədə baş verən inkişafı görməməzlikdən gələrək, ifrat və barışmaz mövqe sərgiləməkdə davam etmələri onların həm də Azərbaycan dövlətçiliyi və xalqının maraqlarından çıxış etməmələrindən, özlərinin koorporativ maraqlarını hər şeydən üstün tutmalarından qaynaqlanır. Ona görə də, bu qüvvələr Azərbaycanın qazandığı uğurlara hər bir ölkə vətəndaşı kimi sevinmək əvəzinə, sanki düşmən gözü ilə baxaraq məyusluq ifadə edirlər”.

R. SOLTANOV