Qarabağ münaqişəsinin həlli üçün tarixi şans yaranır

7 İyun 2013 08:10 (UTC+04:00)

Məlum olduğu kimi postsovet məkanında öz nüfuz və təsir dairəsini saxlamaq üçün Rusiyanın indiki rəhbərliyinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Avrasiya İttifaqı ilə bağlıdır. Rusiyanın timsalında keçmiş SSRİ-nin qüdrətini bərpa etmək planlarını reallaşdırmağa cəhd edən prezident Vladimir Putinin Putin bu işi təkbaşına, postsovet məkanı ölkələrinin iştirakı olmadan edə bilməyəcəyini yaxşı anlayır.

Bu səbəbdən hələ 2010-cu ildə Putin Avrasiya İqtisadi İttifaqı ideyasını irəli sürüb. Müşahidəçilərin fikrincə, Putinin bu ideyası keçmiş SSRİ-nin yeni formada bərpasına cəhddən başqa bir şey deyil. Lakin edilən cəhdlərə baxmayaraq, Putin hələ də keçmiş SSRİ ölkələrini yeni yaratmaq istədiyi birliyə daxil edə bilmir. Xatırladaq ki, Azərbaycan hələ 2011-ci ildən Avrasiya İqtisadi İttifaqı nəzdindəki Vahid Gömrük İttifaqına daxil olmaqdan rəsmən imtina edib.

Moskva isə hətta özünə yaxın saydığı ölkələri belə yaratmaq istədiyi quruma daxil etməkdə çətinlik çəkir. Hətta Ermənistan belə bu quruma daxil olmaq niyyətində olmadığını açıq meydana qoyur. Elə bu səbəbdən Ermənistanı yola gətirmək üçün Kreml təzyiq siyasətinə keçib və bu fonda ermənilərə satdığı təbii qazın qiymətini artırıb. Kremli narahat edən məqamlardan biri də Ermənistanın Avropa qurumlarına qoşulmaq niyyətinə düşməsidir. Bu səbəbdən Moskva Ermənistanın dəqiq seçim etməsini istəyir. Hətta Rusiya Ermənistana növbəti dəfə xəbərdarlıq ünvanlayıb. Kreml forpostundan Gömrük İttifaqı və Avrasiya İttifaqı ilə bağlı fikrini qətiləşdirməyi tələb edib. İşğalçı ölkə isə Rusiyanı istəyinə boyun əyəcəyi təqdirdə Avropa İttifaqından gələcək təzyiqlərdən sığortalanmağın yollarını axtarır. Moskva isə artıq Ermənistana iqtisadi pressinq göstərir və bu ölkəyə satdığı qazın qiymətini artırıb.

Məlumat üçün deyək ki, Rusiya Ermənistana satdığı qazın qiymətini 50 faiz artırmaq barədə qərar qəbul edib və bu qərar iyunun 1-dən etibarən qüvvəyə minsə də, abonentlərə satılan qazın qiymətində artım iyulun 10-dan sonra tətbiq edilməyə başlanacaq. Bu günlərdə işğalçı ölkənin baş naziri Tiqran Sarkisyan rusiyalı həmkarı Dmitri Medvedyevlə son prosesləri müzakirə edib. Görüş zamanı Medvedevin sonuncu dəfə İrəvana xəbərdarlıq etdiyi və rəsmi İravanın qərarını qətiləşdirməsini istəyib. Erməni nazir Kremli əmin edib ki, ölkəsi Rusiyanın təklif etdiyi Gömrük İttifaqına daxil olmağa hazırdır, bu təşkilata qoşulumamaq müzakirə mövzusu deyil. Siyasi müşahidəçilər hesab edir ki, Ermənistan bu yolla Rusiyadan gələn təzyiqləri azaltmaq niyyətindədir. Lakin Kremlin İrəvanın Gömrük və Avrasiya İttifaqları ilə bağlı rəsmi qərarlar qəbul etməyənədək təzyiqləri davam etdirəcəyi bildirilir.

Rusiyanın İrəvandakı səfiri İvan Volınkin də ölkəsinin adından bəyanat verərək, İrəvanı Avrasiya İttifaqı ilə bağlı yekun qərar verməyə çağırıb. O bildirib ki, hazırda bu məsələ ilə bağlı tərəflar arasında müzakirələr gedir və təəssüf ki, konkret razılıq yoxdur. Cənubi Qafqaz regionunda "cəsus diplomat" kimi tanınan səfir Volınkin eyni zamanda ölkəsinin ən geci 2015-ci ilə qədər yeni strukturda Avrasiya İttifaqını formalaşdırmaqda israrlı olduğunu bildirib. Ekspertlər isə İrəvanın 2015-ci ilədək Rusiyanın şərtlərini yerinə yetirməyə məcbur olduğunu deyirlər. İndi işğalçı ölkə Avropa İttifaqı tərəfindən gözlənilən təzyiqlərdən sığotalanmağın yollarını axtarır. Ermənistan Rusiyanın təklif etdiyi əməkdaşlığı qəbul edəcəyi təqdirdə Avropa ittifaqın da özünəməxzsus cəza tədbirlərini işə salacağı qaçılmazdır. Bu isə Ermənistana sərf eləmir.

Elə bu səbəbdən Moskvaya müqavimət göstərmək üçün Ermənistan hakimiyyəti əhalinin Kremlə qarşı etiraz aksiyalarını təşkil edir. Rusiyanın İrəvandakı səfirliyi qarşısında keçirilən aksiyada "Rusiya, Ermənistandan rədd ol!", "Qazprom, Ermənistandan rədd ol!" şüarları səslənib. Aksiya iştirakçıları Rusiyanın bu ölkədəki səfirliyinə məktub təqdim ediblər. Məktubda səfirlikdən qazın qiymətinin bahalaşmasına müdaxilə etmək istənilir. Aksiyada iştirak edən siyasətçilər isə Moskvanın ünvanına sərt ittihamlar səsləndirib. Prezidentliyfə sabiq namizəd Arkadi Qukasyan isə bununla bağlı qeyd edir: "Söhbət strateji tərəfdaş olan ölkənin istənilən məsələ ilə bağlı Ermənistana münasibətinin nəzərə alınmasından gedir. Bu, ilk hal deyil. Rusiya uzun illərdir Ermənistanın zəifləməsi üçün belə addımlar atır. Rusiya daim Ermənsitanla müharibə vəziyyətində olan Azərbaycanı silahla təmin edir. Bu, müttəfiqlik deyil".

Ermənistan Rusiyanın istəyinə boyun əyməyəcəyi təqdirdə, Moskvanın Qarabağ münaqişəsilə bağlı İrəvana verdiyi dəstəyi dayandırması belə, istisna olunmur. Ermənistanın Rusiyanın dəstəyindən məhrum olması isə Azərbaycan üçün qısa müddət ərzində Qarabağ konfliktinin həlli istiqamətində istər hərbi, istərsə də diplomatik sferada önəmli addımlar atmaq şansı yaradır. Başqa sözlə, proseslərin gedişi Qarabağ konfliktinin həlli üçün tarixi şans yarandığını göstərir.