Nazir: "Bu il 41 ekspert ixtisası üzrə 24000-dək iş icra olunub"

22 Noyabr 2019 10:08 (UTC+04:00)

"Məhkəmə ekspertizası mərkəzi tərəfindən cari ildə 41 ekspert ixtisası üzrə 24000-dək iş icra olunub və ekspertlər 675 mindən çox suala cavab verməklə qaldırılan məsələlərin 99.5 faiz həllinə nail olub".

Mövqe.az-ın xəbərinə görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.

O qeyd edib ki, nazirlik tərəfindən cari ilin 9 ayında ictimai həyatın müxtəlif sahələri üzrə 1266 normativ hüquqi akt layihəsi hazırlanıb, bundan 2 dəfədən çox layihə isə ekspertizadan keçirilib, Hüquqi Aktların Dövlət Reyestrinə 2200-dən artıq normativ akt daxil edilib: "Həmçinin, əhalinin təmənnasız istifadəsinə verilən milli qanunvericiliyin e-qanun.az və müvafiq reyestrin huquqiaktlar.gov.az internet saytlarına daxil olmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44% artaraq 1,34 milyonu ötüb".

"Eyni zamanda, iqtisadi proseslərin və hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat orqanlarının fəaliyyətinin və infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb, ölkəmizdə ilk dəfə olaraq notariusların müstəqil özünüidarə orqanı olan Notariat Palatası yaradılıb və tərkibi formalaşdırılaraq fəaliyyətə başlanıb", - deyə, nazir əlavə edib.