Paşinyanın yeni ideyası və köhnə vərdişi

23 Noyabr 2019 10:45 (UTC+04:00)

Ermənistan hökumətinin əsas məşğuliyyəti kadrlar barəsində kompromat toplamaqdır.

Ermənistanda yeni hakimiyyət həm zaman, həm də mahiyyət etibarı ilə artıq köhnəlib. Bir il yeddi ay hər hansı bir hakimiyyət komandasının özünütəsdiqi üçün kifayət qədər məqbul zamandır. İnsafən, inqilabçı Nikol Paşinyan bu müddətdə özünü göstərə bilib və sübut edib ki, onun hökuməti yıxdığı hakimiyyətdən heç nə ilə fərqlənmir. Yəni, əhalinin sosial durumunda irəliləyiş yoxdur, iş tapmaq daha da müşkülə düşüb, ölkəyə investiya qoyan tapılmır, beynəlxalq aləmdə nüfuzdan danışmağına dəyməz və sairə. İnqilabçıların vədlərinin yerinə yetirlməsindən isə danışılmasa yaxşıdır, ona görə ki, danışmağa nə söz var, nə də fakt. Əslində, fakt var və bu da ondan ibarətdir ki, heç bir iş yoxdur. Bəs, nə etməli? Axı, hökumət nə isə etməlidir?!

Nikol Paşinyan bu yöndə yeni ideyalar tapıb və həyata keçirir. Düzdür, onu tanıyanlar deyirlər ki, bu, onun köhnə vərdişidir, amma nə olun, o vaxt jurnalist kimi, indi isə baş nazir kimi işini görür. Yeni vəzifə köhnə vərdişə yeni don geyindirib. Və təbii ki, baş kompramatbaz baş nazirin özüdür. Hazırda bu məsələ erməni mətbuatının gündəmindədir. Çünki, kompromat toplamaq vəzifədən çıxarılmaq və vəzifəyə qoyulmaq kimi “mühüm” işə şamil olunur.

Erməni mətbuatı yazır ki, əgər Nikol Paşinyanda ölkəni inkişaf və tərəqqi etdirmək bacarığı olsaydı, onda bir il yarımda bunu edə bilər və ya heç olmasa tərəqqiyə yol açardı. Bəs, baş nazir hakimiyyətdə olduğu müddətdə nə iləməşğul olub? Bu günlərdə Nikol Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının üzvü Vardan Qukasyana kobud şəkildə etiraz edib, onu Gümrünün yarısını özəlləşdirməkdə günahlandırıb və asfalt üzərində yaymaqla hədələyib. Bu hərbə-zorbanın səbəbi bir vaxtlar Vardan Qukasyanın vəzifədə olduğu dövrdə qalmaqallı şöhrət qazanması deyil, sadəcə, baş nazirin yanında fikirlərini bildirməi və bubun baş nazirin xoşuna gəlməməsidir.
Bundan əvvəl ERDF-nın gəncləri təhsil, elm, mədəniyyət və idman naziri Araik Harutyunyanın fəaliyyətindən narazı olduqlarını bildirəndə də, birdən-birə nazirlikdə daşnaklara qarşı çoxlu ittihamçı dəlillər olduğu məlum olmuşdu. Mətbuat yazır ki, bu siyahını xeyli uzatmaq olar, amma bu, Nikol Paşinyanın hər hansı bir rəqibini günahlandırmağı və ya onları susdurmağa çalışdığı qənaətinə gəlmək üçün kifayətdir. Əgər sübut etmək çətindirsə, o zaman bu və ya digər “üsyançı” nın mənzilini “mədəni şəkildə işğal edə” və axtarış zamanı bəzi “qara libaslar” tapa bilərlər.
Paşinyanın siyasətdə və hökumət işində xam olması artıq hamıya məlumdur. Bu xamlığın nəticəsidir ki, hökumətdə bütün səlahiyyətlilərin əlində cəmləməyə cəhd edir. Lakin belə təsəvvür yaranır ki, baş nazir bundan məmnun deyil, belə ki, heç bir rəqib dinc oturmur, bütün ölkənin əlində olmasını da buna görə istəyir. Xamlıqda irəli gələn psixoloji haldır ki, elə bilir hamı onu aşırmaq istəyir və qabağında bir söz deyəni dərhal həbsə göndərmək, rəzil etmək arzusu onu dinc oturmağa qoymur.

Məsələyə reallıq baxımından yanaşan “tert.am” saytı qeyd edir ki, Ermənistan o qədər də böyük və güclü bir ölkə deyil: bir çox obyektiv və subyektiv amillərlə ümumi qorxu atmosferi yaradıb  ölkənin uzun müddət idarə etmək mümkün deyil: “Hakimiyyətdə özlərini Qərb sivilizasiyasının daşıyıcıları hesab edən adamlar var və yeri gəlmişkən, Paşinyan da inqilabdan əvvəl qərbyönümlü istiqamətin qızğın tərəfdarı idi”. İndi isə o, hakimiyyətini saxlamaq üçün sovet diktatorlarından heç nə ilə seçilmir. Bu cür düşüncə Paşinyanı real işlərdən ayırır. Məsələn, aölı başında olan bütün siyasətçilər bilirlər ki, Ermənistanın hazırkı acınacaqlı durumdan çıxmağının yeganə yolu Azərbaycan torpaqlarının işğalından əl çəkməsinə və Türkiyə ilə əılaqələrini mehriban qonşuluq yoluna qoyulmasından keçir. Lakin o, bunu edə bilmir. Ötən müddətdə gah ərəblərin ölkəyə 100 milyon dollar investisiya yatıracaqlarından, gah diasporun sərmayələrindən dəm vurur. Amma ortada heç nə yoxdur. İndi də Sinqapur hökumətinə “ilişməyə” başlayıb. Ayıq fikirləşə bilsə, anlayar ki, sinqapurlular ayıq düşüncə ilə yüksək inkişaf göstəriciləri əldə ediblər və pullarını havayı sərf etmirlər. Son üz tutduğu ölkə indi də İtaliyadır. Romada az qala dil açıb yalvarır ki, Ermənistana investisiya qoyun. Lakin bu da faydasız olacaq. Ona görə ki, bu ölkəyə yatırılan pulla bada gedir, geri heç nə qayıtmır. Amulsar qızıl mədənlərində baş verənlər buna bir dərsdir. 500 milyon dollar vəsait xərcləyən investorlar indi işə başlaya bilmirlər. Çünki, Paşinyan belə istəyir. Hələ bilmək olmaz ki, baş nazir ABŞ-Böyük Britaniya şirkəti haqda hansı kompromatlara malikdir.

N.NOVRUZ