İş üçün Azərbaycana gələn əcnəbilərin sayı artır

23 Noyabr 2019 11:30 (UTC+04:00)

Azər Allahverənov: “Əcnəbi miqrantlar əmək fəaliyyəti üçün ölkəni seçəndə bir neçə mühüm indikatora diqqət yetirir”

Azərbaycana əmək fəaliyyəti üçün gələn əcnəbilərin sayında artım müşahidə edilir. Xüsusilə Türkiyə, Hindistan, Pakistan, bir sıra MDB ölkələrindən gələn əcnəbi işçilərin sayında artım var.

Daha çox artım Türkiyədən gələn şəxslərdə qeydə alınıb. 2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlərin sayı artıb.Bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən bildiriblər.

Statistikaya əsasən, bu ilin ilk 10 ayında Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 faiz artıb.

Miqrasiya sahəsi üzrə ekspert Azər Allahverənov deyir ki, əcnəbi miqrantlar əmək fəaliyyəti üçün ölkəni seçəndə bir neçə mühüm indikatora diqqət yetirir. Onun fikrincə bu indikatorların hamısı önəmlidir: “Hər hansı bir ölkənin vətəndaşı başqa ölkəyə məşğulluq məqsədilə miqrasiyası edəndə ilk növbədə həmin ölkədə olan bəzi məsələlərə diqqət ayırır. Əsas diqqəti miqrasiya edəcəyi ölkədəki ictimai-siyasi vəziyyətə yönəldir. Sabitlik olmasa, müharibə şəraiti olarsa, həmin ölkəyə iş üçün getməkdən imtina edir. İkinci diqqət yetirdikləri məsələ ölkənin iqtisadi artım sürətidir. İqtisadiyyat inkişaf etmirsə, sərmayə qoyuluşu azdırsa ölkə əmək miqrantları üçün cəlbedici olmur.

Miqrantlar ölkənin regional layihələrdə iştirakına və payına da nəzər yetirirlər. Bir ölkənin ərazisində geniş miqyaslı iqtisadi layihələr həyata keçirilirsə, ölkə beynəlxalq müstəvidə həyata keçirilən layihələrin iştirakçısıdırsa, orada iş yerlərinin olması ehtimalı yüksəkdir.

Əmək miqrantlarının fikir verdiyi digər mühüm məsələ ölkədə olan işsizlik səviyyəsidir. Əgər kimsə, məsələn, İtaliyada əmək fəaliyyəti ilə məşğul olmaq istəyirsə, bura üz tutmaya bilər. Çünki bu ölkədə işsizlik səviyyəsi son bir neçə ildə yüksəlib. Eynilə Yunanıstanda işsizliyin artdığı, hətta əmək haqqı səviyyəsinin aşağı düşdüyü müşahidə edilir. Buna görə də həmin ölkələrdə iş tapmaq çətin olur, bunu nəzərə alaraq həmin ölkələrə məşğulluq üçün miqrant az gedir, eyni zamanda həmin ölkələr də kənardan çox əmək miqrantı cəlb etmək istəmir.

Xarici miqrantlar sadalanan indikatorlar üzrə ölkənin əmək bazarının vəziyyətini qiymətləndirir. Əgər göstəricilər yaxşıdırsa, həmin ölkəyə iş üçün miqrasiya edir”.

A.Allahverənov söylədi ki, əmək miqrantları ölkələri seçən zaman dil, mədəniyyət və ölkələrin coğrafi yaxınlığını da nəzərə alırlar: “Türkiyə vətəndaşları üçün Azərbaycan çox yaxın ölkədir. İstər siyasi, istər mədəni, istərsə də digər aspektlərə nəzər yetirəndə görürük ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. İki ölkənin vətəndaşlarının da bir-birinə münasibəti yaxşıdır. Türkiyə üçün Azərbaycan çox doğma cəmiyyətdir. Dil yaxınlığı var, eyni zamanda onlara yad münasibət olmur. Buna görə də Türkiyə vətəndaşları üçün Azərbaycan maraqlı, yaxın ölkədir. Onlar ölkəmizdə əmək fəaliyyəti göstərməkdən, burada daimi yaşamaqdan narahat deyillər. Ona görə də Azərbaycanda işləyən Türkiyə vətəndaşlarının sayı çoxdur.

Eynilə bizə qonşu olan Gürcüstanın çoxlu sayda vətəndaşının Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmasını görə bilərik. Gürcüstan vətəndaşı olan soydaşlarımız hər hansı bir maneə ilə rastlaşmadan burada işləyirlər, yaşayırlar.

Rusiya vətəndaşları da Azərbaycanda asanlıqla əmək fəaliyyəti ilə məşğul ola bilirlər. Bu ölkənin vətəndaşı olan həm soydaşlarımız, həm də Şimali Qafqaz sakinləri Azərbaycanda asanlıqla qalıb, işləyə bilirlər”.

Ekspert qeyd etdi ki, Azərbaycanın tolerant ölkə olması da əmək miqrantlarını cəlb edir: “Azərbaycan cəmiyyəti tolerant cəmiyyətdir. Cəmiyyətimizdə əcnəbilərə yaxşı, isti münasibət var. Miqrantlar bu məsələlərə də xüsusi diqqət ayırırlar. Əcnəbilər bir ölkədə xarici miqrantlara münasibətin kəskin olduğunu gördükdə həmin ölkəyə getməkdən ehtiyat edir. Azərbaycanda miqrantlara münasibət loyaldır, onlar burada özlərini evlərindəki kimi hiss edirlər, əmək fəaliyyəti göstərmələri üçün rahat şərait yaradılırsa, onlar ölkəmizə üz tuturlar”.

A.Allahverənov ölkəmizdə kvotadan artıq əmək miqrantının işlədiyini də dedi: “Əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər iki qrupa bölünür. Bir qismi əmək kvotası çərçivəsində gəlib əmək fəaliyyəti ilə məşğul olan şəxslərdir. Onlar üçün kvota ildən-ilə yenilənir. Bu il üçün kvota 7 min nəfərdir. Amma statistikaya baxdıqda görürük ki, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı çoxdur. Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sitemində qeydiyyatda olan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı 2019-cu ilin yanvarında 30 min olub. Bu onu göstərir ki, onların 7 minə yaxını kvota əsasında gələnlərdir, qalanı kvotadan kənar əmək fəaliyyəti ilə məşğul olublar. Bir çox ölkələrdə əmək kvotası sərt alət hesab edilir. Amma Azərbaycanda bundan da artıq əmək miqrantı əmək faliyyəti göstərib. Bunlar ölkə ərazisində müvəqqəti və daimi yaşamaq icazəsi alan əcnəbilərdir. Onlar qanunvericiliyin yaratdığı imkan daxilində ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olublar. Yaxud, əmək vizası ilə ölkəmizə daxil olub, burda yaşamaq hüququ alıb əmək fəaliyyəti göstərənlərdir”.  

 

Vasif CƏFƏROV