Yerli geyim sənayesi inkiaşfla ayaqlaşa bilmir

26 Noyabr 2019 09:55 (UTC+04:00)

Azərbaycan əhalisinin ən çox pul xərclədiyi mal qruplarının biri də geyim və ayaqqabıdır. Əhali hər il bir neçə milyard manat məbləğində vəsaiti bu məqsədlər üçün xərcləyir. Sektorun bazarının böyük olmasına baxmayaraq hələ də xaricdən böyük həcmdə geyim məhsulları idxal edilir, ildən-ilə idxalda artım baş verir, yerli istehsal isə yetəri qədər artım göstəricilərinə nail ola bilmir. Halbuki, bu sahədə istehsalı artırmaq üçün böyük imkanlar və şərait mövcuddur. Azərbaycanda son illərdə pambıq, yun, barama və dəri istehsalının artması müşahidə edilir. Artım əsasən dövlətin dəstəyi ilə mümkün olub. Son illərdə pambıqçılığın, baramaçılığın inkişafı aydın sezilir. Dövlət dəri ixracını da çətinləşdirib. Mövcud imkanlar geyim və ayaqqabı istehsalını inkişaf etdirməyə və daxili tələbatın daha çox yerli istehsal məhsulları ilə ödəməyə əsas yaradır.

Lakin statistika göstərir ki, hələ də geyim məhsullarının və ayaqqabının idxalı artır. 2019-cu ilin yanvar-oktyabr dövründə maşınla və ya əllə toxunan trikotaj geyim əşyaları və geyim ləvazimatlarının idxalına 128,8 milyon dollar, digər paltar və geyim ləvazimatlarına 105,8 milyon dollar, işlənmiş geyimlər və toxuculuq məmulatlarına 27,1 milyon dollar, ayaqqabılara 76,1 milyon dollar, baş geyimləri və onların hissələrinə 3,3 milyon dollar xərclənib. Ümumilikdə ayaqdan başa qədər olan geyimlərə 341 milyon dollardan artıq vəsait xərclənib. 2018-ci ilin ili 10 ayında eyni məqsədlər üçün 321 milyon dollar vəsait sərf edilmişdi. Bu il adıçəkilən mal qrupunda 6,2 faizdən çox artım qeydə alınıb.

Düzdür, idxalla bərabər yerli istehsal da artır. Amma yerli istehsaldakı artım idxaldakı artımın qarşısını ala bilmir. Rəsmi statistikaya əsasən 2019-cu ilin ilk 10 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 332,4 milyon manat dəyərində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-oktyabr ayları ilə muqayisədə toxuculuq sənayesində 37 faiz, geyim istehsalında 12 faiz artım baş verib. Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 26,2 faiz azalma müşahidə olunub.

2019-cu ildə bütün növ toxuculuq mallarının istehsalında artım baş verib. Pambıq lifi istehsalı 61,77 milyon tona yüksəlməklə 49 faizdən çox, hazır pambıq parçalar istehsalı 16,1 milyon kv.metrə yüksəlməklə 11 faiz, pambıq iplik istehsalı 26,8 milyon tona yüksəlməklə 40,8 faiz, xalça və xalçacılıq məmulatları istehsalı 2,45 milyon kvadrat metrə yüksəlməklə 86 faizdən çox artıb.

Geyim istehsalında da ümumən artım dinamikası var. Amma bəzi məhsul növləri üzrə istehsalda azalma qeydə alınıb. 2019-cu ilin yanvar-oktyabr ayları ərzində üst geyim istehsalı 289,2 min ədəd (illik 20% azalma), alt geyim istehsalı 500,3 min ədəd ( 3,7% azalma), kişilər üçün pencək istehsalı 2,46 ədəd (98,8 faiz azalma), qadınlar üçün kostyum istehsalı 1669 ədəd (47 faiz azalma) olub. Bununla belə corab istehsalı 2 milyon 475 min ədəd olmaqla 23,3% artım əldə edilib.

Ayaqqabı istehsalında isə azalma qeydə alınıb. İlk 10 ayda 148 min cütdən artıq ayaqqabı istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 28,5 faiz azdır.

Geyim və ayaqqabı istehsalının genişləndirilməsi məqsədilə ölkəmizdə böyük bazar var. Azərbaycan əhalisi toxuculuq məhsullarına, geyim və ayaqqabıya 2014-cü ildə 4 milyard manat xərcləyib və onun cəmi pərakəndə ticarətdə payı 18 faizdən çox olub. 2016-cı ildə geyim və ayaqqabı alınmasına xərclənən pul 5,3 milyard manata (pərakəndə ticarətin 17,45 faizi), 2018-ci ildə 6,5 milyard manata (pərakəndə ticarətin 17,56 faizi) yüksəlib. Məlumatlar göstərir ki, əhali hər il pərakəndə ticarətə xərclədiyi pulun 17-18 faizini məhz geyim və ayaqqabı alınmasına sərf edir.

2018-ci ildə əhali trikotaj nəzərə alınmasa paltar və alt geyimlərə 3,66 milyard manat və ya 2014-cü ildə olandan 2 dəfədən çox vəsait xərcləyib. Ötən il baş geyimlərinə 20 milyon manatdan artıq, trikotaj məmulatlarına 963 milyon manat, corab məmulatlarına 133 milyon manata yaxın, sair geyimlərə 618 milyon manatdan artıq vəsait xərclənib. Ayaqqabılara xərclənən pulun da məbləği böyükdür. Ötən il ayaqqabı alışına 894 milyon manata yaxın vəsait sərf edilib.

Ölkəmizdən 2015-ci ildən etibarən tekstil sənayesi yenidən inkişaf edir. Pamblq istehsalının xeyli dərəcədə yüksəlməsi bu sahənin xammal bazasının formalaşmasına kömək edib. Artıq xammal problemindən gileylənmək üçün əsas qalmayıb. Son illərdə ölkəmizdə son məhsulun istehsalına imkan verən sənaye müəssisələri də yaradılıb. Şəkidə və Gilan Tekstil parkında yaradılan toxuculuq müəssisələri əhəmiyyətlidir. Onların istehsal gücü daxili tələbatı tam ödəmək imkanındadır.

Azərbaycanın bu sahədə əsas çətinliyi idxal məhsulları ilə rəqabət apara bilməməsidir. Çindən, Türkiyədən, Pakistandan gətirlən geyim əşyaları ilə yerli istehsal rəqabət apara bilmir. Bunun bir səbəbi həmin məhsulların ucuz başa gəlməsidirsə, digər səbəbi ölkəmizdə dəbə uyğun məhsul istehsalının zəif olmasıdır. İdxal edilən məhsulların bir çoxu aşağı keyfiyyətlidir. Onların bəziləri süni materiallardan hazırlanan iplikdən istehsal edilir, istehsalda istifadə edilən boyalar isə keyfiyyətsiz olur. Buna görə də həmin məhsulların bir çoxu ucuz başa gəlir. Azərbaycandakı istehsal müəssisələri belə vasitələrdən istifadə etmədiyindən qiymət rəqabətində uduzurlar.

Sahə mütəxəsislərinin fikrincə, Azərbaycanda hökumətin əlavə dəstəyinə ehtiyac var. Ekspertlər Türkiyədə və Özbəkistanda geyim istehsalı sahələrinin inkişafı məqsədilə dövlət dəstəyinin artırıldığını, Azərbaycanın da bu təcrübədən faydalanmasının zəruri olduğunu düşünürlər. Çünki geyim sənayesi aşağı gəlirli sahədir və bu sahəyə dövlət dəstəyi vacibdir.

 

Vasif CƏFƏROV