Suriyada silahlı birləşmədə iştirak edən dəstənin məhkəməsi yekunlaşdı

27 Noyabr 2019 19:36 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Əfqan Aslanov və Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mövqe.az-ın məlumatına görə, prosesdə hakim məhkəmə istintaqının yekunlaşdığını bildirib və çıxış üçün dövlət ittihamçısına söz verib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə bu məqsədlə növbəti prosesi dekabrın 5-ə təyin edib.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulub və təlimlərdə iştirak ediblər. Onlar 2019-cu ildə həbs ediliblər.

Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.

Onlar Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunurlar.