“Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik”. Bunu Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı çıxış edərkən deyib. Azərbaycanın dünya miqyasında çox önəmli ölkəyə çevrilməsinin səbəbləri hansılardır və ölkəmiz bundan nə qazanır?
Milli Məclisin deputatı Fəzail İbrahimli bildirdi ki, Azərbaycanın dünya miqyasında önəmli ölkəyə çevrilməsində ölkəmizin regionun ən nüfuzlu və qüdrətli dövlət olması amili mühüm rol oynayıb: “Artıq Azərbaycan beynəlxalq münasibətlərdə söz sahibinə çevrilən bir dövlətdir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişik. 155 ölkə bu seçimdə Azərbaycana dəstək olub. Hansı ki, bu seçim də çətinliklə başa gəlib. Yəni Azərbaycanı ustəməyən qüvvələrin üstündən keçməklə ölkəmizə səs veriblər.
Hazırda dünyada BMT-dən daha mötəbər təşkilat yoxdur. Azərbaycan həmin qurumun qeyri-daimi üzvü olmaqla bir çox dövlətlərin uzun illər cəhd etmələrinə baxmayaraq, nail olmadığına nail olub. Elə ölkələr var ki, 50 ildir burada təmsil olunmağa cəhd etsə də, buna nail ola bilməyib. Bunun özü, yəni bir çox dövlətlərin uzun illər ərzində nail ola bilmədiyinə Azərbaycanın qısa zamanda nail olmasının özü Azərbaycanın məhz dünya miqyasında nüfuzlu ölkəyə çevrilməsindən qaynaqlanır. Azərbayca regionun ən qüdrətli dövlətidir. Regionda elə problem yoxdur ki, Azərbaycandan yan keçməklə kimsə onun həllinə nail olsun.
Azərbaycan iqtisadi cəhətdən də dünyanı özünə cəlb edir. Yəni dünya ölkələri Azərbaycanla iqtisadi əlaqələrə qoşulmağa can atır. Ona görə də ildən-ilə ölkəmizə daha çox investisiya gəlir. Bakı-Tiflis-Ceyhan neft kəmərinin işə düşməsi də dünyaya bir çıxışdır. Azərbaycan həmçinin İpək Yolu marşurutunda mühüm bir məntəqədir. Ümumiyyətlə, Azərbaycanın geosiyasi vəziyyəti, mövqeyi elədir ki, bütün türk dünyasını birləşdirən xətt məhz ölkəmizin ərazisindən keçir. Ölkələr var ki, yaranmasından bir əsr keçsə də hələ də Azərbaycanın qısa müddətdə dünya miqyasında əldə etdiyi möhtəşəm uğurlara nail ola bilməyib. Azərbaycan keçmiş sovetlər birliyi və dünya sosializm sisteminə daxil olan ölkələr içərisində ən yüksək sürətlə inkişafa doğru irəliləyən dövlətdir. Ölkəmiz qısa zaman kəsiyində böyük uğurlara imza atıb”.
Deputat söylədi ki, dünya miqyasında önəmli yer tutmağımızın nəticəsində Azərbaycan bu gün ciddi söz sahibinə çevrilən bir dövlətdir: “Azərbaycan beynəlxalq aləmdə də öz sözünü deyə bilir. Tam müstəqil ölkəyik, burada hansısa bir dövlətin hərbi bazası yoxdur. Halbuki, inkişaf etmiş Yaponiya və Almaniya kimi ölkələrdə ABŞ-ın hərbi bazası var. Azərbaycan sürətlə inkişaf edir və etibarlı əllərdədir. Azərbaycanın bu fonda gələcək inkişafına da böyük zəmanət varÖlkəmizin bir problemi var, 20 faiz torpağımız işğal altındadır, 1 milyon qaçqınımız və məcburi köçkünümüz var. Bu problemin həlli də Azərbaycanın gücü və iqtidarı daxilindədir, əgər ikili standartdan yanaşan beynəlxalq qüvvələr imkan versə. Sadəcə olaraq, hər şeyin zamana ehtiyacı var”.
Milli Məclisin deputatı Musa Qasımlının fikrincə, Azərbaycanın dünya miqyasında önəminin artması dövlətimizin, onun rəhbərinin yürütdüyü uzaqgörən doğru və düzgün siyasətin nəticəsidir: “Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən toplantıda söylədiyi nitqində Azərbaycanın dünya miqyasında önəmli ölkəyə çevrilməsi istiqamətində səsləndirdiyi fikirlər özündə bütün gerçəklikləri əks etdirir.
Doğrudan da bu gün Azərbaycan dünya siyasətində öz yeri və rolu olan bir ölkəyə çevrilib. Bunun başlıca səbəbi isə heş şübhəsiz, Azərbaycanın dünya siyasətində yerinin möhkəmlənməsi, rolunun daha da artması, birləşdirici gücə çevrilməsi, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bağlıdır. Azərbaycan hazırda yürüdülən siyasət nəticəsində mühüm nəqliyyat və kommunikasiya qovşağına, bir çox mühüm beynəlxalq layihələrin həyata keçirildiyi mərkəzə çevrilib. Ölkəmiz böyük beynəlxalq toplantıların keçirildiyi mərkəz olub”.
Həmsöhbətimiz qeyd etdi ki, dünya miqyasında ön önəmli ölkəyə çevrilməyimiz fonunda Azərbaycana olan etimad da artır: “Bütün bu uğurlar və yürüdülən siyasət nəticəsində dünya miqyasında Azərbaycana olan inam, etibar və etimad artıb. Bunun nəticəsidir ki, Azərbaycanın nüfuzu daha da yüksəlib, sözü daha keçərli olub”.
R. SOLTANOV