Xarici borc məsələsində Azərbayсan daha əlverişli mövqeyə çıxır

29 Noyabr 2019 09:48 (UTC+04:00)

Azərbaycan dövlətinin borclanma siyasətinə uyğun olaraq yaxın dövrdə xarici borc ümumi daxili məhsul (ÜDM) istehsalının 10 faizinə qədər azalacaq. Xarici dövlət borcunun ÜDM ilə müqayisədə azalması iki mühüm dəyişikliyin hesabına təmin ediləcək. Birinci mühüm dəyişiklik ÜDM-nin nominal dəyərinin artması olacaq. Proqnoza əsasən, ÜDM-nin nominal dəyəri 2019-cu ilin sonunda 80 milyard manata yüksəlməlidir. 2020-ci ildə ÜDM-nin dəyəri 83 milyard manatı ötəcək, 2023-cü ildə isə 98 milyard manata çatacaq. Gözləntilərə əsasən bu dövrə qədər dollar/manat məzənnəsi sabit qalacaq ki, bu ÜDM-nin nominal dəyərinin dollar ifadəsində də yüksəlməsinə şərait yaradacaq. 2019-cu ildə ÜDM-nin dəyəri 47 milyard dollar, 2020-ci ildə 49 milyard dollar, 2023-cü ildə 57-58 milyard dollar təşkil edəcək.

İqtisadiyyatın nominal dəyərinin artması fonunda xarici dövlət borcu sabit qalarsa, onun ÜDM-yə nisbəti kiçiləcək. Amma dövlət başçısının hökumətin qarşısında borclanma ilə bağlı qoyduğu əsas tələblərdən biri xarici dövlət borcunun məbləğinin azaldılmasıdır. Hazırda xarici dövlət borcunun məbləği təxminən 9 milyard dollar, onun ÜDM-yə nisbəti 17 faiz səviyyəsindədir. Razılaşmalara əsasən xarici dövlət borcunun məbləği 2019-ciu ildə 10,1 milyard dollara yüksələndən sonra 2020-ci ildən azalmağa başlayacaq. Gələn il xarici dövlət borcunun məbləği 9,8 milyard dollara, 2023-cü ildə 7,8 milyard dollara düşəcək.

Bir tərəfdən ÜDM-nin dəyərinin artması, digər tərəfdən xarici borclanma məbləğinin azaldılması Azərbaycana xarici dövlət borcunun ÜDM-yə nisbətinin sürətlə kiçildilməsinə şərait yaradacaq. Proqnoza əsasən 2019-cu ilin yekununda yeni borclanma ilə birlikdə xarici dövlət borcunun ÜDM-yə nisbəti 21 faizə yüksələcək. Amma 2020-ci ildə 20 faizdən aşağı, 2023-cü ildə 13 faizə enəcək. 2025-ci ildə xarici dövlət borcu bir qədər də azalacağından onun ÜDM-yə nisbəti 10 faiz həddinə, hətta bir qədər də aşağı düşəcək.

Bu hədəfə nail olunacağını Prezident Ilham ?liyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı da deyib. Dövlət başçısı söyləyib ki, xarici borcumuz azalır və yenə də azaldacaq: “Azərbaycan iqtisadiyyatı inkişaf edir. Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir”.

Qeyd edək ki, dölətimizin xarici borcunun indiki səviyyəsi ən yaxşı səviyyələrdən biridir. Ölkəmiz bu göstəriciyə görə dünyada ən yaxşı vəziyyətdə olan 10 ölkədən biridir. MDB respublikaları arasında isə Rusiya ilə birgə ən əlverişli mövqeyə sahibdir. Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyələrinə əsasən xarici dövlət borcunun ÜDM-yə nisbətinin 40 faizi keçməməsi yaxşıdır. Hazırda xarici dövlət borcumuzun səviyyəsi bu həddən xeyli aşağıdır. BVF hesablamalarına görə, 2018-ci ildə dünya ölkələrinin xarici dövlət borcu 69 trilyon dollardan artıq olub. Bu, dünya ÜDM-nin 80 faizindən çoxdur. Bu borcun təxminən 52 trilyon dolları və ya 66 faizi inkişaf etmiş ölkələrin payına düşür. BVF inkişaf etmiş ölkələrin borc yükünün çox olmasını nəzərə alaraq tövsiyə edir ki, həmin ölkələrin borc səviyyəsi ÜDM-nin 60 faizini ötməsin.

İnkişaf etməkdə olan ölkələrdə isə dövlət borcunun həddi xeyli aşağıdır. Amma son illərdə burada da səviyyənin yüksəlməsi meyli hiss olunur. 2012-ci illə müqayisədə ötən ilin sonuna inkişaf etməkdə olan ölkələrin dövlət borcu 50 faiz artıb. Artımın əsas səbəbi milli valyutaların məzənnə dəyərinin aşağı düşməsi ilə bağlıdır. Məzənnə aşağı düşdükdə xarici borcun milli valyutada ifadəsi yüksəlir ki, bu da onun ÜDM-yə nisbətinin artmasına səbəb olur.

Bəs, xarici dövlət borcunun azalması Azərbaycana hansı üstünlüklər qazandırır?

Xarici dövlət borcunun azalması ilk növbədə dövlətin büdcə gəlirlərindən daha səmərəli istifadə etməyə, onun daha çox hissəsinin ölkə iqtisadiyyatının qalxınmasına və əhalinin sosial müdafiəsinin gücləndidirlməsinə sərf etməyə imkan verir. Xarici borc çox olduqda büdcə xərclərində onun payı yüksəlir. 2019-ci ildə xarici dövlər borcuna xidmətlər bağlı 2,1 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsait ümumi büdcə xərclərinin təxminən 8,5 faizini təşkil edəcək. 2020-ci ildə xarici dövlət borcu ilə bağlı xərclər 2,03 milyard manata düşəcək. Gələn ilin büdcəsinin xərclər layihəsinə əsasən xarici borclarla bağlı xidmət xərclərinə cəmi xərclərin 8 faizi yönəldiləcək. 2023-cü ildə isə xarici dövlət borcu ilə əlaqədar xərclər 1,582 milyard manata, onun cəmi xərclərdə payı 6 faizdən də aşağı düşəcək. Deməli, qarşıdakı 5 ildə büdcədən xarici borclara görə ayrılan pul 520 milyon manata qədər azalacaq. Bu, böyük vəsaitdir və onun digər sahələrə yönəldilməsi Azərbaycanın iqtisadi və sosial məsələlərinin həllində böyük kömək olacaq.

Xarici borcların ümumi məbləğinin azalması bir tərəfdən borc asılılığının minimumlaşdırılması baxımından vacibdirsə, digər tərəfdən ölkənin öz dövlət gəlirlərini daha səmərəli istifadə etməsi baxımından faydalıdır. Statistika göstərir ki, borc çox olanda bununla bağlı büdcədən vəsait çox ayrılır. Nəticədə bu səbəbdən sosial və digər sahələrə yetəri qədər vəsait ayırmaq mümkün olmur.

Amma xarici borclar azaldıqda dövlət büdcəsinin xərclərindən Azərbaycan vətəndaşlarının rifahı naminə daha çox yararlanmaq imkanı formalaşacaq.

Xarici dövlət borcunun azalması, onunla bağlı xidmət xərclərinin dövlət büdcəsində payının aşağı düşməsi, ölkəmizin kredit reytinqinin yüksəlməsinə də əsas verəcək. Kredit reytinqinin yüksəlməsi öz növbəsində Azərbaycanın gələcəkdə daha əlverişli şərtlərlə borclanmasına kömək edəcək, eyni zamanda iqtisadiyyatın investisiya cəlbediciliyini artıracaq.

 

Vasif CƏFƏROV