KTMT-də Ermənistana növbəti zərbə

30 Noyabr 2019 12:30 (UTC+04:00)

Natiq Miri: “Paşinyan hökuməti ilk böyük silləni məhz KTMT çərçivəsində Rusiyadan aldı”

Belarusdan olan nümayəndə Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olaraq təsdiqlənib. O, səlahiyyətinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq.

Qeyd edək ki, ona qədər sözügedən təşkilatın baş katibi vəzifəsində Ermənstandan olan general əyləşmişdi. Lakin Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra, həmin generalın həbsinə qərar verdi. Belədə, KTMT-yə üzv dövlətlər rotasiya qaydası üzrə həmin vəzifəni tutmağı Belarusa həvələ etmək istədi. Lakin Ermənistan həmin dövrdə bir müddət bunun əleyhinə çıxmaqla öz ampulasına uyğun olaraq cığallıq etdi. Bununla belə, İrəvanın hay-küyünə baxmayaraq, artıq Belarus nümayəndəsi Stansilav Zas KTMT-nin baş katibi olaraq təsdiqlənib.

Qeyd edək ki, Ermənistan adətən KTMT-yə özünün işğalçılıq siyasətində böyük ümidlər bəsləyirdi. İrəvanda düşünürdülər ki, KTMT onların işğalçılıq siyasətinə dəstək olacaq. Ancaq qurumdakı son proseslər, habelə KTMT-də lokomotiv rol oynayan Rusiyanın  Azərbaycanla münasibətləri strateji müstəviyə qaldırması İrəvanın bütün cəbhə boyu ciddi mənada uğursuzluğa uğramasına gətirib çıxarıb.   

Politoloq Natiq Miri bildirdi ki, KTMT-nin aparıcı qüvvəsi Rusiyadır və burada cərəyan edəcək hər hansı bir proses məhz Moskvanın diqtəsilə həyata keçir və ya qarşısı alınır: “KTMT-də baş verən olaylar, Belarus nümayəndəsinin ora baş katib gətirilməsi fonunda söhbət heç də Ermənistanın bu quruma olan hansısa ümidlərindən getmir. Burada söhbət KTMT çərçivəsində mövcud olan reallıqdan gedir. Reallıq da odur ki, KTMT-nin nüvə ölkəsi Rusiyadır. Rusiyanın qəbul etdiyi qərar təbii ki, digər üzv ölkələr kimi Ermənistan üçün də keçərlidir.

Fikir verdinizsə, Moskva Ermənistandakı Paşinyan hökumətinin nazı ilə oynamaq istəmədi və onların KTMT baş katibliyinə ikinci bir namizədlərini səsverməyə buraxmadı. Bilirsiniz ki, haqqında cinayət işi açılan erməni generalı geri çəkildikdən sonra, onun yerinə müvəqqəti də olsa müavini həmin səlahiyyətləri yerinə yetirirdi. Ancaq bundan sonra, ikinci erməni namizədin qəbul olunmasına imkan verilmədi. Ermənilərin bu istəyinə qarşı KTMT-də təmsil olunan bütün ölkələr narazılıq ifadə edib.  Ancaq hər bir halda Rusiya Paşinyana yerini göstərmək istəyirdi”.

Həmsöhbətimizin fikrincə, KTMT baş katibliyinə Belarusdan olan namizədi təsdiqləməklə Kreml əslində Paşinyanı cəzalandırdı: “Əslində, belaruslu generalın namizədinin verilərək təsdiqləməklə bir daha İrəvana göstərdi ki, qurumda patron Moskvadır və onun marağının əleyhinə getmək Ermənistana heç nə qazandırmayacaq. Yəni Belarusdan olan namizədin verilməsi və onun təsdiqiylə Kreml dolayısı ilə Ermənistana bütün gerçəklikləri göstərdi. Bunun nəticəsidir ki, artıq Ermənistan hökumətində bu barədə nəinki danışırlar, hətta danışmaq fikrində belə deyillər. Çünki, Paşinyan hökuməti özünü inqilabçı hökumət hesab etsə də, ilk böyük silləni məhz KTMT çərçivəsində Rusiyadan aldı. Ona görə də KTMT ilə bağlı Ermənistanın hər hansı bir ümidi ola bilməz.

Gələcək perspektivdə, Qarabağ cəbhəsində yeni bir müharibə başladığı təqdirdə, KTMT-nin prosesə müdaxiləsinə gəldikdə, burada da məsələni İrəvanın istəyi həll etmir və etməyəcək. Bu da başlıca olaraq KTMT-də aparıcı rol oynayan Rusiyanın maraqları çərçivəsində tənzimlənəcək. Ona görə də Ermənistanda KTMT-yə hələ də ümid etmək xulyası ilə yaşayırlarsa,  bu özünü aldatmaqdan başqa bir şey deyil. Real siyasətlə məşğul olan erməni siyasətşünasları da bu reallığı bilməmiş deyillər”.

Rüfət NADİROĞLU