Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizinin sahilindəki çimərlik ərazilərində aparılan mikrobioloji təhlillərin müqayisəli nəticələrini açıqlayıb. ETSN-in mətbuat xidmətindən Movqe.az- a verilən xəbərə görə, Nazirlik Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğu quraşdırıb. Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir.
Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb ki, bunun da nəticəsində Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 6 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Belə ki, qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib. Qeyd olunub ki, ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonu "Şıx" çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır. Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərlikləri isə mikrobioloji çirklənmə dərəcəsi, bağırsaq çöpü bakteriya qruplarının normadan artıq miqdarda olması səbəbindən çimərlik kimi istifadəyə yararsız hesab edilir.