Azərbaycan Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bu gün Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentdən Mövqe.az-a verilən məlumata görə, görüşdə Z.Əsgərov Azərbaycanla Əfqanıstan arasında sıx əlaqələrin mövcud olduğunu və son dövrlərdə bu əlaqələrin daha da intensivləşdiyini qeyd edib.
O bildirib ki, bu cür görüşlər xalqlarımız arasında münasibətlərin inkişafı üçün bir stimuldur və əlaqələrimizin dinamikliyini daha da artırır: "Əfqanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir". Z.Əsgərov təhlükəsizlik və hərbi müdafiə sahəsində qarşılıqlı əlaqələrdən söhbət açıb, Azərbaycan sülhməramlılarının hazırda da Əfqanıstanda xidmətdə olduğunu diqqətə çatdırıb.
Əmirzai Sangi Azərbaycanın Əfqanıstana dost və qardaş olduğunu, milli-mənəvi dəyərlər, mədəniyyət baxımından xalqlarımız arasında bir çox oxşarlıqların mövcud olduğunu bildirib. Qonaq son illərdə Azərbaycana bir neçə dəfə səfər etdiyini və hər dəfə burada daha sürətli inkişaf müşahidə etdiyini qeyd edib. Əfqan nazir Cənubi Qafqazın iqtisadi cəhətdən ən qüdrətli dövləti olan ölkəmizin Əfqanıstana dəfələrlə qardaş yardımı göstərdiyini diqqətə çatdırıb və buna görə öz ölkəsinin rəhbərliyi adından Azərbaycan prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Görüşdə Azərbaycanın iştirakçısı olduğu qlobal layihələrdən, hər iki ölkənin müdafiə sisteminin gücləndirilməsindən söhbət açılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.