İSİM təhsil xərcləmələrində iştirakçılıq ilə bağlı təlimlər təşkil edib

10 İyun 2013 17:55 (UTC+04:00)

İqtisadi və Sosial İnkişaf Mərkəzi  (İSİM) Avropa Birliyi ilə "Məktəb büdcələrinin formalaşması və səmərəli xərclənməsində Vətəndaş İştirakçılığının istiqamətləndirilməsi" layihəsi çərçivəsində ölkənin dörd rayonunda iyun ayının əvvəlində təlimlər keçirib. Mövqe.az-ın məlumatına görə, ilk təlimlər iyun ayının 4-də Şəki, 6-da Yevlax şəhərlərində təşkil edilib. Həmin tədbirlər İSİM-in yerli tərəfdaşı olan Uluçay Sosial İqtisadi İnnovasiya Mərkəzi İctimai Birliyi təşkil olunub. Təlimləri beynəlxal təlimçi Arzu Hüseynova aparıb. İyun 7-si Şamaxı və 8-də Tərtər rayonlarında İSİM-in təşkil etdiyi  təlimlərin təlimçisi Nərmin İbrahimova olub. 

Təlimlərdə hədəf qrupları əsasən yerli bələdiyyə və maarif şöbələrinin sədrləri, o cümlədən icra hakimiyyəti nümayəndələri, məktəb direktorları və müəllimlər, eyni zamanda valideynlər olub. Qeyd etmək lazımdır ki, Şəki vəYevlax şəhərlərində təşkil olunmuş təlimlərdə 30 nəfər, Şamaxı şəhərindəki təlimdə 40 nəfər və Tərtər rayonunda təşkil olunmuş təlimdə 90 nəfər iştirakçı olub. Təlimlər zamanı məktəb idarəçiliyində valideyn və icmanın iştirakçılığı, məktəb büdcəsinin xərclənməsi zamanı hesabatlılıq və şəffaflıq meyarlarının gözlənilməsi və icra edilməsi, valideyn və icmanın məktəb idarəçiliyinə yaxından cəlb edilməsi istiqamətində Şərqi və Mərkəzi Avropa ölkələrinin təcrübəsi və aparılan islahatlar auditoriya ilə paylaşılıb. O cümlədən, təlimlər video çarxlar, auditoriya ilə qrup işləri, interaktiv müzakirələr ilə müşayiət olunub və auditoriya tərəfindən maraqla qarşılanıb.