Təhsilimizin çözümünü tapmayan repetitorluq problemi

13 İyun 2013 08:03 (UTC+04:00)

Təhsil sahəsində daim aktuallığı ilə seçilən mövzulardan biri də repetitorluqla bağlıdır. Araşdırmalar yenə də göstərir ki, bir sıra valideynlər orta məktəb müddətində uşaqların aldığı təhsillə kifayətlənməyərək, onları aparıb yenə repetitora həvalə edirlər. Əksər ekspertlər bu qənaətdədir ki, repetitorlar məsələsi hələ müəyyən müddət üçün öz aktüallığını qoruyacaq.

Lakin belə fikirlər də səslənir ki, 12 illik təhsil sisiteminə keçiddən sonra buməsələ qismən də olsa, həllini tapa bilər. Qeyd edək ki, 12 illik təhsilə keçilərsə, 10 illik təhsil icbari olacaq. Qalan 2 ildə isə şagirdlər əsasən ali məktəblərə gedərkən verəcəkləri qəbul imtahanları üzrə hazırlaşacaqlar. Bununla həmçinin Azərbaycan cəmiyyətində çox ciddi problem olan repetitorluğun qarşısına müəyyən bir sədd çəkiləcək. Lakin 12 illik təhsilə nə vaxt keçiləcəyi hələ dəqiq məlum deyil. Bu da o deməkdir ki, repetitorlar məsələsi aktuallığını qorumaqda davam edəcək.

Onu da vurğulayaq ki, Azərbaycanda olduğu kimi, Rusiyada da repetitorluq geniş yayılıb. Ancaq Rusiyada onunla mübarizə yolları axtarılıb. Bu yollardan biri isə odur ki, şagird məktəbdə keçdiyi proqramı mənimsəmədikdə, dərsdən sonra əlavə ödənişli dərslər keçirilir. Bunun üçün də müəllimə əlavə haqq ödənilir. Bu mübarizə yolu müəllimlərin evdə repetitorluqla məşğul olmasının qarşısını alır. Azərbaycanda da analoji təcrübənin təbiqi əksər ekspertlər tərəfindən zəruri sayılır. Hələlik isə müşahidə olunan odur ki, ölkəmizdə repetitorluqla məşğul olanların sayı artır. Özü də onların böyük əksəriyyəti yaxşı qazanc götürsələr də büdcəyə vergi ödəmirlər.

Məsələ burasındadır ki, repetitorların böyük hissəsi VÖEN və mədaxil orderinə malik deyillər. VÖEN-lə işləmədiklərindən də məhz onların dövriyyəsi qeydiyyata alınmır. Qeydiyyata alınmadığından vergi də ödəmirlər. Burada problemli məsələ həmin fəaliyyətlə məşğul olan repetitorların vergidən yayınma istəyilə bağlı deyil. Repetitorlar düşünür ki, Azərbaycanda hər zaman bu kimi fəaliyyətlə məşğul olan insanlar vergi ödəməyib, bu səbəbdən özləri də eyni praktikanı davam etdirirlər. Əslində isə, bütün hallarda qanunvericiliyə görə hər hansı bir əməliyyat aparılırsa, birmənalı şəkildə vergiyə cəlb olunmalar baş verməlidir. Digər tərəfdən, repetitorların sayının çox olduğu da bəllidir. Bu mənada burada söhbət heç də kiçik məbləğin büdcəyə ödənilməsindən getmir. Repetitorların vergiyə cəlbilə kifayət qədər ciddi məbləğ vergiyə ödənilə bilər. Repetitorların ödədiyi vergilər hesabına həm də müəllimlərin sosial vəziyyətinin müəyyən qədər yaxşılaşdırılmasına nail olmaq mümkündür. Amma onların vergiyə cəlbilə dövriyyənin nə qədər olacağını demək çətindir. Bunun üçün onların illik dövriyyəsi hesablanmalıdır. Yalnız bu baş verdikdən sonra onların nə qədər vergidən yayındıqlarını müəyyən etmək mümkündür. Amma bütün hallarda təxminən demək olar ki, repetitorların vergidən yayınması bir neçə milyon manatla ifadə olunur. O baxımdan da bu fəaliyyət növünün vergiyə cəlb edilməsi olduqca vacibdir. Bunun üçün də repetitorların məlumatlandırılması ilə bərabər bir sıra hallarda inzibati metodların tətbiqi də mümkün ola bilər. Amma repetitorların müəllim kateqoriyasına aid olduğunu nəzərə alsaq, birinici növbədə məlumatlandırma üsuluna diqqət yetirmək lazımdır. Buna görə də repetitorlar arasında maarifləndirmə işləri aparılmalı, onların bu sahədə məlumatlı olmalarına imkan yaradılmalı və bu sahəyə nəzarət gücləndirilməlidir. Stasionar repetitor mərkəzlərinə, yəni hazırlıq kurslarına gəldikdə, ekspertlər bildirir ki, hazırlıq kursları qeydiyyatdan keçdikləri üçün sadələşdirilmiş vergiyə uyğun olaraq gəlirlərinin bir hissəsini dövlətə ödəyirlər. Stasionar repetitor mərkəzləri ilə bağlı problem ondan ibarətdir ki, bəzi kurslar gəlirlərinin bir hissəsini gizlədirlər, qazandıqları pulun az hissəsini qeydiyyata alırlar. Buna da səbəb onların əlavə dəyər vergisi vermək istəməmələrindən irəli gəlir.