"Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında partiyanın seçkili orqanlarının yenidən təşkili zamanı baş verən dəyişikliklər konkret şəxslərə qarşı ünvanlanan dəyişiklik deyil". Bunu APA-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova Partiyanın İdarə Heyətində və Siyasi Şurada olan dəyişikliklərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər yeni gələn nəslin haqqı var ki, seçkili orqanlarda təmsil olunsun: "Eyni insanların orada təmsil olunmasındansa, cəmiyyətdə baş verən dəyişiklikləri nəzərə alaraq yeni insanların, yeni nəslin burada təmsil olunmasına üstünlük verdik. Bu, partiyanın işini daha yaxşı təşkil etmək, daha ədalətli təmsilçiliyi təmin etmək üçün atılmış bir addımdır. YAP inkişafın təkamül yoluna üstünlük verir və dəyişikliklər də təkamül prinsipinə əsaslanır. Qurultayda çox az dəyişiklik olub və bütün bunlar partiyanın ümumi xəttinə yönələn fəaliyyəti daha yaxşı təşkil etmək üçündür".
B.Muradova partiya rəhbərliyində uzun illərdir təmsil olunan bəzi şəxslərin seçkili orqanlara yenidən seçilməməsi ilə bağlı fikirlərə münasibət bildirərək deyib ki, bu insanlar dünənə qədər partiyanın seçkili orqanlarında təmsil olunurdular və heç kim onların fəaliyyətindən narazı da deyildi: "Sadəcə, indi artıq belə məsləhət bilindi ki, yenidən seçilməsinlər".