Təkrar qeydiyyatdan keçməyən dini icmaların fəaliyyəti dayandırıla bilər

12 İyun 2013 17:09 (UTC+04:00)

Mövqe.az-ın xəbərinə görə, bunu 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar jurnalistlərlə görüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bildirib.

 

Onun sözlərinə görə, 2009-cu ildə qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra dini icmaların təkrar qeydiyyatı zərurətə çevrilib: "Maraqlıdır ki, təkrar qeydiyyata başlandıqdan sonra ölkədə dini icmaların sayı nəinki azalmadı, hətta 534-dən 577-yə yüksəldi. Həmin dəyişikliklərə əsasən, dini icma təsisçilərinin sayı 10 nəfərdən 50 nəfərə qaldırıldı. Bu tələbin əsas məqsədi dini icma statusundan təsadüfi insanların sui-istifadəsinin qarşısını almaqdır. Bu tələb dünyada qəbul edilən standartlara da uyğundur. Müqayisə üçün qeyd edim ki, Avstriyada 300 nəfərdən, Polşa və Macarıstanda 100 nəfərdən ibarət, Almaniyada isə federal torpaqların 0,1%-ni əhatə edən dini icmalar qeydiyyatdan keçə bilərlər".

 

Komitə sədri Ədliyyə Nazirliyi və digər dövlət orqanlarında qeydiyyatdan keçən dini icmaların sayının 109 olduğunu söyləyib: "Onlardan 20-yə qədəri təkrar qeydiyyatdan keçib. Bundan başqa, 48 dini icma təkrar qeydiyyat üçün sənədlərini təqdim edib, onlarla bağlı müvafiq sənədlərin yoxlaması prosesi başa çatmaqdadır və qeydiyyatla bağlı qərarlar təxminən 1 aydan sonra açıqlanacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüququ var ki, təkrar qeydiyyatdan keçməyən dini icmaların fəaliyyətini məhkəmə yolu ilə dayandırsın. Lakin biz hələlik bu addımı yalnız 2 icma ilə bağlı atmışıq, digərlərinə isə imkan veririk ki, qanunvericiliyin tələblərinə riayət etsinlər. Onların nəzərinə çatdırmaq istəyirəm ki, təkrar qeydiyyatdan keçməyən dini icmaların Komitənin xətti ilə keçirilən layihələrdə iştirakı mümkün olmayacaq".