Paytaxtla müqayisədə regionlarda ərzaq məhsullarına qiymətində ucuzluğu müşahidə etmək o qədər çətin deyil. Amma bu ucuzluq da həmin ərazilərə üz tutan insanların sayının artmasından sonra öz yerini paytaxtda olduğu kimi bahalığa verir. Belə ki, tətil və həftə sonlarında paytaxtdan müxtəlif regionlarımıza axın başladıqda həmin ucuz gördüyümüz qiymətlər üzü yuxarı dəyişməyə başalyır. Oxşar dəyişməni bütün xidmətlərdə görmək mümkündür. Bundan başqa, regionlara yollanan əhalinin problemlərindən biri də onların qalmasıdır ki, bu gün ucqar rayonlarımızda 1 və 2 ulduzlu otelin sayı həddən artıq azdır. Özü də onlar hər rayonda yoxdur.
Bu sahədə regionlarda mövcud problemi mütəxəssislər müxtəlif cür izah edirlər. Professor Zahid Məmmədovun sözlərinə görə, heç kim iqtisadi əsası olmadan öz yanından qiymət artımaq haqqına sahib deyil: "Ümumiyyətlə, dünya ölkələrində hansısa satış mərkəzinə daxil olanda istənilən təklif edilən mal və xidmətin rəsmi preskurantı (qiymət kitabçası) asılır. Amma bu, xüsusən də reginonlarımızda yoxdur. Bu qiymətlər qanunla təsbit olunmalıdır. Rəsmi qaydada həmin yerin şəraitinə, xidmətə bağlı olaraq kateqoriyalar müəyyənləşdirilməlidir. Sovet dövründə olduğu kimi, yeməkxana, kafe və restoran var idi. Restoran sözündən çox nadir hallarda istifə edilə bilərdi. Restoranın başqa, kafenin başqa, yeməkxananın da bir başqa şərtləri var idi. Bütün bu şərtlər çərçivəsində qiymət siyasəti formalaşırdı. Yeməkxana restoran səviyyəsində pul ala bilməz. Burada kateqoriya, səviyyə var. Bu kateqaroyaya uyğun təklif və xidmətlər olur. Xidmətə görə də qiymətlər dəyişir".
Professor onu da əlavə etdi ki, regionlarımızda olan otellərin əksəriyyəti əsasən normativ sanitar qaydalara cavab vermir: "Bu gün regionlarımızda bələdiyyə otelləri çatışmır. Bələdiyyələr tək pay torpaqlarının bölgüsü ilə məşğul olmamalıdırlar. Onlar dövlət tərəfindən qəbul edilmiş sosial–iqtisadi proqramların həyata keçirilməsində bilavasitə iştirak etməlidirlər. Bütün bu problemlərin aradan qaldırılması üçün rayonlarda təhsil, mədəniyyət sistemini gücləndirmək lazımdır. Yəni, ali təhsil müəssisələrini rayon filialları olarsa, intellektual gənclərin ora axını ola bilər. Bu gün dünyanın inkişaf etmiş ölkələrin regionlarında böyük universitetlərinin filialları var. Rayondan gələn insan Bakıya öyrəşir və burdan getmək istəmir. Ancaq universitetlərin filiallarının regionlarda yaradılması insanların Bakıya axının qarşısını ala bilər və oradaca gələcəklərini qurarlar. Beyin axını dayanar orada istifadə edilər".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin gənc iqtisadçısı Nərmin İbrahimovanın sözlərinə görə, süni qiymət artımına səbəb, bəzi iş adamlarının qısa müddət ərzində daha çox pul qazanmaq istəyidir: "Bu, daha çox mövsümi xarakterli olur. Məsələn, yaz, yay fəsillərində otellərdə və yaxud bayramlarla əlaqədar bəzi ərzaq məhsullarına insanların tələbatının artması ilə əlaqədar ərzaq qiymətlərinin bahalaşması kimi hallar müşahidə olunur. Lakin qeyd etmək lazımdır ki, süni qiymət artımı bazar qaydaları və ümumiyyətlə, ölkə qanunvericiliyə ziddir və süni qiymət artımını tənzimləməkdə yalnız dövlət deyil, iş adamları da maraqlı olmalıdır. Ümumiyyətlə, dünya praktikasında süni qiymət artımına qarşı mübarizə aparmaq və eləcə də qiymətlərin tənzimlənməsinə nail olmaq məqsədilə qanunvericiliklə inzibati sanksiyalar həyata keçirilir. Azərbaycanda süni qiymət artımını tənzimləmək məqsədilə 2006-cı ildə Rəqabət Məcəlləsi Milli Məclisə təqdim olunub, lakin indiyədək qanun qəbul edilməyib. Rəqabət Məcəlləsənin qəbulu süni qiymət artımına qarşı mübarizə gücləndirəcək".
Xanım İbrahimovanın sözlərinə görə, bir-iki ulduzlu otellərə tələbat mövsümi xarakter daşıyır: "Onlara daha çox yay fəsli və bayramlarda tələbat artır. Çünki belə otellərdə xidmət haqqı aşağı olur və bu turistlərin də cibinə uyğundur. Digər tərəfdən, ölkədə az gəlirli əhalinin tələbatı daha çox belə otellərə olur. Mövümdən asılı olaraq isə həmin otellərdə yer tapmaq çətin olur. Çünki ölkə ərazisində bir- iki ulduzlu otellərin sayı çox azdır. Mövcud olan böyük hotellərin əksəriyyəti 5 ulduzludur. 5 ulduzlu oteldə isə göstərilən xidmətin keyfiyyətindən asılı olaraq qiymətlər bahadır və əlbəttə ki, bu heç də bütün turislərin cibinə uyğun deyil. Lakin qeyd etmək lazımdır ki, qiymətləri bazar tənzimləyir. Zaman keçdikcə otellərin sayının artması həm xidmət keyfiyyəti, həm də qiymətlərin tənzimlənməsinə səbəb olacaq".