Ermənistanın malik olduğu "Metsamor" atom elektrik stansiyasının (AES) region üçün böyük təhdid mənbəyi olduğuna dair bu vaxta qədər yetərincə xəbərdarlıqlar səsləndirilib. Lakin bütün bunlara və edilən xəbərdarlıqlara rəğmən, Ermənistan hələ də bu təhlükəli stansiyanın fəaliyyətini davam etdirir.
Bu məsələdə Ermənistan nəinki region, heç Avropa ölkələrinin də çağrışına məhəl qoymur. Əvəzində isə "Metsamor" atom elektrik stansiyasının yaratdığı təhdid daha sürətlə böyüyür.
Xatırladaq ki, Avropa Birliyinin (AB), Ermənistan Ofisi müdiri Tryan Hristi də bir müddət öncə bildirmişdi ki, "Metsamor" atom elektrik stansiyası Ermənistan-AB əlaqələrinin gündəmindəki ən əhəmiyyətli mövzulardan biridir: "Stansiyanın fəaliyyətinin dayandırılması üçün qısa zamanda bir pro-qram hazırlanması üçün Ermənistan hökumətinə müraciət etdik. Stansiya fəaliyyəti başa çatdıqdan sonra Ermənistanın enerji təhlükəsizliyini təmin etmək üçün Ermənistan hökumətiilə alternativ qərarları müzakirə etməyə hazırıq". Lakin Ermənistan bu müzakirələrə getmir.
Bu vaxtadək gözlənirdi ki, Ermənistanı inşa edəcəyi yeni atom bloku hazırda istifadə olan köhnə reaktorların ləğvinə gətirib çıxaracaq. Lakin Ermənistanın ağır sosial-iqtisadi durumu bu ölkəyə yeni və daha təhlükəsiz atom enerji bloku inşa etməyə imkan vermir. Ermənistanın energetika və təbii resurslar naziri Areq Qalstyan da etiraf edir ki, məhz maliyyə çətinliyi üzündən ölkədə atom elektrik stansiyasının yeni blokunun inşası ən azı 3-4 illyinə təxirə salınır. Bu isə Ermənistanın təhlükəli köhnə enerji bloklarının istismarını davam etdirəcəyi anlamına gəlir. Qeyd edək ki, yeni atom enerji blokunun inşası ilə bağlı layihənin dəyəri təxminən 5 milyard dollardır. Rusiyanın "Rosatom" korporasiyası bu vəsaitin yarısını verməyə hazır olduğunu bildirsə də, yerdə qalan hissəni Ermənistan tapa bilmir. Ölkənin sosial-iqtisadi durumu və getdikcə pisləşən maliyyə vəziyyəti heç perspektivdə də bu vəsaitin tapılmayacağını göstərir. Bu isə Ermənistanın "Metsamor" atom elektrik stansiyasının istismarını indiki müddəti bitmiş texnologiya ilə davam etdirəcəyini və beləliklə daha böyük təhlükə yaradacağını göstərir. Ermənistan Milli Təhlükəsizlik Şuranın katibi Artur Baqdasaryan da bildirib ki, "Metsamor" AES yalnız yeni enerji blokunun tikintisindən sonra bağlanacaq. Onun sözlərinə görə, yeni müasir enerji bloku istismara veriləndən sonra "Metsamor" AES-in konservasiya edilməsi məsələsinə baxılacaq. Lakin görünən odur ki, Ermənistan yeni enerji bloku tikə bilməyəcək və bu səbəbdən də təhlükəli reaktorların istimarını davam etdirəcək.
Məsələ ilə bağlı verdiy açıqlamada AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov da deyib ki, dünyada "Metsamor" AES kimi istismar müddəti başa çatmış 100-dək reaktor var: "Azərbaycanın tələbi odur ki, bu reaktorun ekstremal şəraitdə dözümlülüyü yoxlanılsın. Çünki belə situasiyada bu reaktorun necə işləyəcəyi barədə heç kəsin məlumatı yoxdur. "Metsamor" AES belə ekstremal situasiyada heç vaxt sınaqdan çıxmayıb. Azərbaycanın əsas narahatlığı da bundandır". A.Qəribov deyib ki, "Metsamor" AES-lə bağlı qərar vermək səlahiyyəti Ermənistana aid olsa da, hər hansı qəza baş verəcəyi halda təhlükə regional xarakter alacaq: "Azərbaycana ən çox təsir edəcək faktor Araz çayının çirklənməsidir. Çünki biz Araz çayından içməli su götürürük. Güman edirəm ki, Ermənistan kimi iqtisadi gücü aşağı olan bir ölkə 1000 meqavatlıq reaktorun təhlükəsi altına girməsi və işləməsi üçün zəmanət verməsi böyük bir səhv və region üçün təhlükədir".
Xatırladaq ki, "Metsamor" AES 1976-cı ildə seysmik zonada tikilib. 1988-ci ilin dekabrında Spitakda baş verən güclü zəlzələdən sonra fəaliyyətini dayandırsa da, ölkədə müşahidə olunan enerji böhranı səbəbindən 1995-ci ildə yenidən işə salınıb. Məlumat üçün bildirək ki, Ermənistan atom elektrik stansiyasında Rusiyada istehsalolunmuş ümumi gücü 815 Meqavat olan "VVGR-440" tipli iki enerji bloku quraşdırılıb. Birinciblok 1976-cı, ikinci - 1980-ci ildə işə salınıb. 1989-cu ildə stansiya müvəqqəti dayandırılıb, 1995-ci ildə ikinci, hal-hazırda işləyən və 404 Meqavat gücü olan, blok yenidən işə salınıb. Ermənistanda istehsal olunan elektrik enerjisinin təxminən 40 faizi atom elektrik stansiyasınınpayına düşür. Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə bu stansiyanın seysmik zonada yerləşdiyini və nəinki Ermənistan, eləcə də qonşu dövlətlər üçün təhlükə törətdiyini bəyan edib.