Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bəyanatı

17 İyun 2013 02:12 (UTC+04:00)
Son vaxtlar Türkiyə Cümburiyyətində yaşanan acı olaylar, Türkiyə hökumətinin öz xalqına qarşı zorakı addımları, bütün dünyada insan dəyərlərinə qiymət verən qurumlar tərəfindən kəskin pislənilir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi də bu baş verən hadisələrlə əlaqədar öz narahatçılığını bildirir.
AKP, İstambulun Taksim meydanında, Ankarada, İzmirdə və Türkiyənin digər bölgələrində polisin dinc nümayişçilərə qarşı göz yaşardıcı qazlardan və su şırnaqlarından istifadəsinə mənfi yanaşır və bunun yol verilməz olduğunu bəyan edir. Türkiyə hökumətinin nümayişçilərə qarşı hərəkətini pisləyərək qeyd edir ki, demokratik dəyərlərə, insan haqlarına zidd olan bu davranışlara son qoyulmalıdır. AKP bildirir ki, Türkiyə hökuməti xalqla zorla danışmağı dayandırmalı, maddi və mənəvi cəhətdən zərər çəkmiş vətəndaşların haqqlarını tanımalıdır.

Liviyada, Misirdə, Tunisdə, Suriyada baş verən hadisələrə münasibət bildirərkən, həmin ölkə başçılarına "hakimiyyətdən əl çəkin, əliniz qana batıb" kimi mesajlar verən, demokratiyadan, insan haqlarından danışan "hörmətli" Ərdoğan bu gün öz ölkəsində baş verən hadisələrə tamamı ilə başqa münasibət göstərir. Başqalarına məsləhət verən Baş nazir bu gün özü xalqının tələbini yerinə yetirmək istəmir. Vaxtilə "Ərəb Baharı" yaşamış dövlətlərin başçılarına verdiyi məsləhətləri indi cənabTəyyub Ərdoğanın özünə təklif etmək lazımdır. Bu gün bütün demokratik aləm Ərdoğana üz tutub "sən özün avtoritar hərəkətləri pislədiyin, buna qarşı dünyanı mübarizəyə çağırdığın bir halda bu hərəkətlərin eynisini öz ölkəndə icra edirsən" deyə səslənir.

Son olaylarda minlərlə insan polis zorakılığına tuş gələrək həbs olunub, xəsarət alıb, dörd nəfə isə artıq dünyasını dəyişibdir.

Türkiyədə baş verənlər ümumxalq hərəkatıdır və etirazın əsas səbəbi xalqın iradəsinə zidd olan, ölkədəki mövcud ictimai-siyasi dəyişiklərə istiqamətlənmiş cəhddir. Bu dəyişiklər mahiyyət etibarı ilə Atatürk siyasi sisteminin, dindar bir sistemlə əvəz edilməsiə yönəlib. Bu proseslərdə ən kobud metodlardan istifadə edilir. Nümayişçilərə qarşı polis basqılarının həyata keçirilməsi, ölkədə baş verən hadisələrin guya ölkəni xaosa və anarxiyaya sürükləmək istəyən xarici qüvvələr və hökumətə qarşı olan, daxili dəstələr tərəfindən törədildiyi söylənilir. Bununla da Ərdoğan hökuməti öz anti demokratik fəaliyyətini sığortalıyaraq, bu hadisələrdə başqalarını günahlandırmağa çalışır. Ancaq nəzər almır ki, bu proseslərdə ölkənin bütün təbəqələrinə aid olan insanlar, ziyalılar, sənət adamları, şairlər, yazıçılar da iştirak edirlər.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Türkiyə də baş verən bu hadisələrdən ciddi narahatçılığın ifadə edərək, Türkiyə hökumətindən tezliklə bu qanlı qarşıdurmalara son qoymasını, dinc əhaliyə qarşı zorakılıq aktını dayandırmasını tələb edir.

Bu gün Türkiyədə baş verən olaylar dünya ictimaiyyətinin diqqət mərkəzindədir.Türkiyə hökumətinin nümayişə çıxan əhaliyə qarşı atdığı addımlar, onların susdurmaq üçün gördüyü tədbirlər bütün tərəqqipərvər bəşəriyyətin narazılığına səbəb olub...

AKP hesab edir ki, etirazçı qüvvələr hakimiyyətin zoru, top-tüfəngi qarşısında əyilməyəcək və onlar beynəlxalq aləmdən aldıqları sağlam dəstək və enerji ilə öz haqqlarına qovuşacaqlar..