Bakının Azadlıq meydanında 10 gün əvvəl idarə etdiyi avtomobillə 13 yaşlı qızı vuraraq öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Movqe.a-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 9-da saat 23:00 radələrində Bakı şəhər sakini Zeynalov Əbil Abbas oğlu idarə etdiyi özünə məxsus "Mercedes Benz" markalı, 90-FL-003 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən yolu keçmək istəyən İsmayılova Tahirə Ələkbər qızını vuraraq xəsarət yetirib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq
Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat
vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Zeynalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq
Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri
seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.