Regionlarda xidmət obyektləri vergidən böyük pullar yayındırır

19 İyun 2013 08:57 (UTC+04:00)

Regionlarımızda kifayət qədər istirahət və xidmət mərkəzlərinin olması xoş haldır. Amma bu sözləri regionlarda olan xidmət sahələrindəki nəzarət-kassa aparatları barədə deyə bilməyəcəyik. Çünki, paytaxt və digər bəzi iri şəhərlərə nisbətən regionlarda nəzarət - kassa aparatlarının işlək olması o qədər də yüksək səviyyədə deyil.

Digər tərəfdən bu gün səfalı təbiət guşələrində mövsümi fəaliyyət göstərən xidmət obyektlərində nəzarət-kassa aparatları ümumiyyətlə, yoxdur. Pos-termianallarla bağlı vəziyyət isə daha acınacaqlıdır. Bu isə təbii ki, ilk öncə büdcədən külli-miqdarda vergi yayınması deməkdir və belə vergilərin həcmi milyonlarla manat təşkil deir. Aidiyyatı qurumların mövcud durumla mübarizəsi rəqəmlərdə açıq görünsə də, mütəxəssislər tək inzibati metodları kafi hesab etmirlər. Cərimələr, yoxlamalarla bərabər həm də müxtəlif təşviq tədbirlərini zərəru olduğunu qeyd edirlər. Burada həmçinin istehlakıçının da üzərinə müəyyən vəzifə düşdüyü bildirilir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin müdiri Şahin Məmmədov deyir ki, bütün sahələrdə nəzarət-kassa aparatları tətbiq olunmaqdadır: "Ancaq Vergi Məcəlləsində kassa apratı yox, ciddi uçot planı tətbiq edilməsini göstərən müddəa da yer alıb. Yəni, nağd hesablaşma aparılan bütün sahələrdə ciddi uçot planı tətbiq olunur. Bütün halda nağd hesablaşma varsa, onun hesabatı aparılmalıdır. İstehlakçılardan kimsə belə bir qanun pozuntusu ilə rastlaşarsa, 195 nömrəsinə məlumat verə bilər. Dərhal tədbir görüləcək".

Nazirlik rəsmisi onu da bildirdi ki, 2013-cü ilin may ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5823 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib: "2625 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 970 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 344 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 1151 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq almadan məşğul olduğu müəyyən edilib. Bundan başqa, operativ nəzarət tədbirləri zamanı 489 vergi ödəyicisi tərəfindən 769 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 200 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 44 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 1526 ədəd mal olduğu aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, regionlarda kassa aparatlarının azlığı geniş yayılmış hallardan biridir: "Son illər Vergilər Nazirliyi xətti ilə ilə bu istiqamətdə müəyən işlər aparılsa da, bu, əsasən Bakı və Abşeron yarımadasını daha çox əhatə edib. Regionlarda digər amil də var ki, bir çox hallarda istirahət mərkəzləri, xidmət sahələri müəyyən administrativ orqanlarda çalışan insanların olur. Onlar da səlahiyyətlərindən istifadə edib, vergidən yayınmağa çalışırlar".

Ekspert bildirdi ki, bunun qarşısını almaq üçün ilk növbədə nəzarət orqanları aktiv olmalıdır: "Reginolara reydlər təşkil olnumalı, xüsusi ilə də regionda yerləşən vergi orqanlarının fəaliyyətlərinə nəzarət artırılmalıdır. Həm də bu tip hallara qarşı ciddi sanksiyalar tətbiq edilməlidir. Ümumiyyətlə, tək regionlarda yox, ölkə üzrə təşviqedici addımlar da atmaq olar. Məsələn, Türkiyə təcrübəsindən istifadə edərək çeklərin yığılıb yenidən dövlətə təhvil verildiyi halda dövriyyənin müəyyən bir hissəsi vətəndaşa mükafat kimi təqdim edilə bilər. Bu, sahibkalıq üzərində ictimai nəzarətin təmin edilməsidir. Bundan başqa, vergilər nazirliyi sahibkarların fəaliyyətini qanuniləşdirmək məqsədi ilə onlara müəyyən real şəraitə uyğun müəyyən güzəştlər tətbiq edə bilər. Müəyyən müddətə vergidən azad və ya onların pos - teminallarının quraşdırılmasını təmin edə bilər. Bu da dövriyyənin gizlədilməsinin qarşısını alacaq".

Rəşad Həsənovun fikrincə, Azərbaycanda problem sadəcə sahibkarın problemi deyil: "Digər tərəfdən də ölkəmizdə vergidən yayınmaya cəhdlər geniş yayılmış tendensiyadır. Əgər bir sahibkar bir sektorda qanuni fəaliyyət göstrəməyə çalışırsa, o zaman o, bütün vergilərini ödəməlidir. Bu halda onun xidmətinin qiyməti artacaq. Nəticədə onun rəqabət aparmaq qabiliyyəti aşağı düşür ki, sonda qısa müddətdə fəaliyyət sferasında çıxmalı olacaq. Çünki, digəriləri qeyri-leqal fəaliyyət göstərdiyi üçün onu sıxışdırıb çıxara biləcəklər. Bu halın qarşısını almaq üçün sektorlar üzrə ayrı - ayrılıqda hərəkət planı hazırlanmalıdır. Bütün sektorlar eyni zamanda bu münasibətlə üzləşəndə onlarda haqsız rəqabət yaranmayacaq. Biri qanuni fəaliyyət göstərib xərcləri artırsa və digəri qeyri-qanuni fəaliyyət göstərib xərcləri azalırsa, nəticədə vəziyyət ikincinin xeyrinə dəyişir. Ona görə də sahibkar vergidən yayınmağa meyllənirlər".