Məlum olduğu kimi bu ayın əvvəlindən etibarən, Azərbaycanda çimərlik mövsümünə rəsmən start verilib. Çimərlikdə post-patrul xidmətinin və təcili tibbi yardım maşınlarının ayrılması üçün müvafiq qurumlara müraciət olunub.
Çimərlik mövsümü ilə bağlı müəyyən hazırlıq işləri getsə də, narahatlıq yaradan məsələlərdən biri də çimmək üçün yararlı olmayan ərazilərdən istifadə edilməsi, həmçinin, insanların qadağan olunmuş ərazilərə də üz tutmasıdır. Məsələn, məlumdur ki, "Şıx" çimərliyində çimmək qadağandır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Sumqayıt çimərliyi, Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərlikləri istifadəyə yararsızdır. Sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normanı aşır.
Lakin apardığımız monitorinqlər göstərir ki, çimmək üçün bu ərazilərə üz tutanların sayının kifayət qədər olduğunu göstərir. Halbuki, burada insanların səhhəti üçün ciddi təhlükələrin olmasına dair xəbərdarlıqlar olunub. Qeyd edək ki, dənizin çirklənmə göstəricisi həm də orada olan bağırsaq çöplərinin miqdarına görə müəyyən olunur. Ərazisində bağırsaq çöpləri norma daxilində olan çimərliklər vətəndaşların istirahəti üçün qənaətbəxş, normadan artıq olanlar isə təhlükəli hesab olunur. Həkim-infeksionist Mehdi Mehdiyev məsələ iəl bağlı açıqlamasında bildirib ki, bağırsaq çöpləri normanı aşan sularda çimmək mədə-bağırsaq xəstəliklərinə yol açır: "Həmin ərazilərdə çimənlərin, hamısında olmasa da, xəstəliyə meylli insanlarda müxtəlif bağırsaq infeksiyaları, o cümlədən dizenteriya, vəba salmanilyoz, qarın yatalağı, virus hepatitləri yaranır. Ona görə də yayda bağırsaq infeksiyaları sayca çoxalır. Su tibbi baxımdan yoxlanılır və deyilirsə ki, çimmək olmaz, demək, olmaz. Bizim vətəndaşlar belə xəbərdarlıqlara çox soyuq yanaşırlar. Bənzər durum xüsusən uşaqlar və immun sistemi zəif olan adamlar üçün çox təhlükəlidir".
Təcrübə göstərir ki, çimərliklərdə istirahət edən insanların bir çoxu müvafiq tələblərə riayət etmədən istirahətlərini özləri başa düşdükləri kimi qurmağa çalışır. Onlar bilməlidirlər ki, qeyri-qanuni dəniz sahili ərazilərdən çimərlik kimi istifadə edilməsi qadağandır. Yalnız müşahidə qülləsi, xilasetmə məntəqəsi, peşəkar xilasediciləri və avadanlıqları olan çimərliklərdən istifadə olunmalıdır. Lakin qeyd olunduğu kimi buna heç də hamı əməl etmir. Qadağan olunmuş ərazilərdə təcili tibbi yardım maşınlarının yoxluğu isə hansısa təhlükə anında dərhal yardım göstərilmsəinə də imkan vermir. Müvafiq qurumlar tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bir çox vətəndaşlar sağlamlıqlarını təhlükə qarşısında qoyaraq qeyri-qanuni çimərliklərdə, nəzarətsiz zonalarda çimmək arzusunu gerçəkləşdirirlər ki, bu da sonu bəlli olan faciələrə gətirib çıxarır. Valideynlər tərəfindən uşaqların nəzarətsiz buraxılması, sərxoş vəziyyətdə bir çox insanların suya girməsi, havanın küləkli olmasına məhəl qoyulmaması, xilasedicilərin qanuni tələblərinə laqeyd yanaşılması, səhhətində problem olan vətəndaşların çimərliklərə gəlməsi narahatçılıq doğuran məsələlərdəndir.
Yay mövsümündə çimərliklərdə istirahət etmək yaxşıdır. Amma həyatı qorumaq ondan da vacibdir. Ona görə də elə çimərliyə getmək lazımdır ki, orda xilasetmə işi yaxşı təşkil olunsun. Bu arada onu da qeyd edək ki, kanalizasiya şəbəkəsi olmayan Bilgəh və Buzovnada, Mərdəkan və Pirşağıda, Nardaranın sahil zolaqlarında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Coratın sahilboyu ərazilərində modul tipli 17 təmizləyici qurğu quraşdırılıb. O da bildirilir ki, bu qurğuların hamısı beynəlxalq standartlara cavab verir. Məlumata görə, sözügedən ərazilərdə çirklənmə dərəcəsi normanı aşmır. Ancaq belə qurğuların quraşdırılmadığı yerlər də var. Məsələn, Səbail rayonun "Şıx" və Qaradağ rayonun "Sahil" çimərlikləri ərazisi mikrobioloji baxımdan bu il də çirkli sayılır. "Üstəlik, sadalanan yerlərdə axıdılan çirkab suları vəziyyəti daha da qəlizləşdirir. Xatırladaq ki, Abşeron çimərliklərində mövsüm iyunun 1-də açılıb və oktyabrın ortalarınadək davam edəcək. Bu müddət ərzində təhlükəsizliyin təmini həm də vətəndaşların özündən əhəmiyyətli dərəcədə asılıdır.