Belçika Azərbaycanlıları Cəmiyyəti (BAC) və Almaniyada fəaliyyət göstərən Azərbaycan Evi yeni lahiyəyə başlayır

20 İyun 2013 15:16 (UTC+04:00)

Belçika Azərbaycan Cəmiyyəti sədri Rəşad Quliyev Mövqe.az-a verdiyi məlumatda bildirdi ki, bu lahiyənin məhz BAC-la həyata keçirilməsinin önəmi budur ki, Belçika Almaniya ilə həmsərhəddir və Köln şəhəri Belçikaya yaxın olduğundan Almaniya ilə sərhəd şəhərlərdə yaşayan soydaşlarımızın da gələcəkdə bu məktəbdən istifadəsi mümkündür və bundan başqa lahiyənin əhəmiyyəti və miqyası böyük olduğu üçün qarşılıqlı əməkdaşlıq edərək gələcəkdə qarşıya çıxacaq problemlərin birgə həllinə nail olmaq istərdik.


Azərbaycan Mədəniyyət Evi bu ilin aprel ayında Almaniyanın Köln şəhərində yaradılıb və iyun ayının əvvəllərində yerli rəsmi qurumlar tərəfindən qeydiyyata alınıb.


Ümumiyyətlə, qurucularımız hamısı alman vətəndaşı olan azərbaycanlılardır. Azərbaycandakı daxili siyasi proseslərə qarışmırıq. Siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Mədəniyyət Evinin fəaliyyətinə öz tövhələrini vermək istəyən, özünü azərbaycanlı sayan hər kəsə açıqdır.


Azərbaycan Məktəbi lahiyəsi hansı zərurətdən doğdu?

Almaniyada bizim soydaşlarımız məskunlaşıblar. Kölndə  isə minlərlə azərbaycanlı gənc alman məktəblərinə gedir. Eyni zamanda onlar buranın dilinə, mədəniyyətinə yiyələnirlər. Burada doğulub böyüyən azərbaycanlı uşaqlar öz milli mədəni irsimizdən istər-istəməz uzaq düşürlər. Bu zərurətdən hesab etdik ki, Kölndə bu cür məktəbin açılmasına ciddi zərurət var.


Lahiyə çərmivəsində nəzərdə tuturuq ki, həftəsonları uşaqlara Azərbaycan dili, ədəbiyyatı, tarix, coğrafiya və mədəni irsimizlə bağlı kurslar keçilsin. Dili bildikləri halda Azərbaycan dilindəki kitablara, internet səhifələrinə uzaq qalan güneyli soydaşlarımız üçünsə, əlifba kursları nəzərdə tuturuq. Eyni zamanda həftə arası günlərdə isə uşaqlar üçün müxtəlif musiqi alətləri kursları planlaşdırmışıq. Əsas işlərimizdən biri Azərbaycanla bağlı sanballı əsərlərin - Qarabağ problemi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi,  həmçinin erməni yalanları, rus talanları, Azərbaycanın mədəniyyəti, tarixi, coğrafiyası və s. barədə olan əsərlər, kitabların alman dilinə tərcüməsi, onların kitab şəklində çapı və həmin kitabların Almaniyada yayılmasını təşkil etməkdir.


Qeyd edək ki, Belçika Azərbaycanlıları Cəmiyyəti 2012ci ilin oktyabr ayının 22-də Brüsseldə təsis olunub.