Azərbaycanda dövlət qulluğuna sənəd verənlər arasında qadınların azlıq təşkil etməsinin səbəbləri açıqlanıb. Mövqe.az-ın xəbərinə görə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn jurnalistlərə açıqlamasında deyib ki, dövlət qulluğunda zəmanətlər və sosial təminatlar yüksək olsa da, iş prosesi qadınlar, xüsusilə ailəli xanımlar üçün müəyyən problemlər yaradır: "İş vaxtının saat 09:00-dan 18:00-dək olması bəzən qadınlar üçün problemə çevrilir. Biz qadınları dövlət qulluğu sahəsinə daha çox cəlb etmək istəyirik. Burada qadınlar üçün heç bir maneə yoxdur. Bu sahədə mövcud olan maneələr ortadan qaldırılıb. Gender bərabərliyinə gəldikdə isə bu artıq iş şəraitində etik davranış qaydalarına riayət edilməsi məsələsi üzərində qurulan prosesdir".
A. Hüseyn qeyd edib ki, dövlət qulluğuna sənəd verənlərin yalnız 26 %-ni qadınlar təşkil edir. Onun sözlərinə görə, gələcəkdə sənəd vermə prosesinə qadınların cəlb edilməsi məsələsinə diqqəti artırmaq fikrindədirlər: "Dövlət qulluğuna seçim həm qadınlar, həm də kişilər üçün eyni formada keçirilir. Bu prosesdə intellektə daha çox üstünlük verilir".