İkili vətəndaşlığın yaratdığı yeni böyük problem

22 İyun 2013 08:09 (UTC+04:00)


Bəzi ekspertlər tərəfindən aparılan araşdırmalara əsasən, bu gün ölkəmizdə başqa ölkənin pasportunu da daşıyan 1 milyondan çox Azərbaycan vətəndaşı var. Miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev deyir ki, təxminən 1,5 milyon Azərbaycan vətəndaşının iki pasportu var. Düzdür, bu kimi hal cinayət məsuliyyəti daşımasa da, qanunvericilik iki ölkənin vətəndaşlığını qəbul etmir. Ancaq diqqət çəkən məqam odur ki, həmin ikili vətəndaşlığı olan şəxslər özləri üçün fors-major saydıqları hallarda maraqlarına uyğun şəkildə hərəkət edirlər.

Məsələn, maraqları tələb etdikdə başqa ölkənin vətəndaşı olduqlarını bildirirlər və Azərbaycan qarşısında hansısa öhdəlik daşımadıqlarını bəyan edirlər. Yaxud da bu gün ən azı iki ölkədən müavinət alan şəxslər də az deyil.


"Hansısa bir fors - major vəziyyət yaranarsa, həm dövlət, həm də həmin vətəndaş üçün çox çətin olacaq"


Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, Azərbaycanda kifayət qədər ən azı iki ölkənin vətəndaşlığını özlərində daşıyan vətəndaşlarımız var: "Əksəriyyəti Rusiya, az bir qismi Ukrayna və çox az miqdarda Gürcüstan vətəndaşıdır. Birincisi, bunlar ölkə ərazisində olarkən Azərbaycan vətəndaşının öhdəliklərini daşıyırlar. Amma elə elə situasiyalar ola bilər ki, həmin öhdəliklər onların maraqlarına zidd olsun. Belə olan halda mütləq şərtdir ki, hansı ölkənin vətəndaşı olduğunu təsdiq etdirən prosedur qaydalardan keçsin. Bunun üçün Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməlidir. Həmin ölkənin vətəndaşı olduğunu sübuta yetirməlidir. Belə olduğu halda həmin insan miqrant statusuna uyğun gəlir. Bununla da o, ölkə ərazisindən çıxmalı, özünün hüquqi vəziyyətini leqallaşdırmalıdır. Bu da uzun prosesdir. Bu günə qədər iki dövlətin vətəndaşlığı olan məsələdə hansısa çox ciddi mübahisəli məqamlar çıxmayıb. Amma fors - major hallarda həmin insanlar çox çətin duruma düşmüş olacaqlar. Ona görə də insan hansı dövlətin vətəndaşı olduğunu konkret müəyyənləşdirməlidir. Bu, qanunda olan bəzi boşluqlar, nüansların nəticəsidir ki, böyük sayda insan iki dövlətin vətəndaşlığını daşıyır. Hansısa bir fors - major vəziyyət yaranarsa, həm dövlət, həm də həmin vətəndaş üçün çox çətin olacaq. Bu məsələ kifayət qədər aktual və çətindir. Hələlik dövlət bu məsələdə ciddi nüanslarla üzləşməyib".

Azər Allahverənov bildirdi ki, biri var cinayət tərkibli əməl, bir də var arzuedilməyən hal: "Bu situasiyada cinayət tərkibli əməl yoxdur. Çünki Konstitusiyanın 53 - cü maddəsi deyir ki, Azərbaycan Respublikasının vətəndaşı özünün ərizəsi olmadan heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz. 10 maddə isə Azərbaycan Respublikası 1 şəxsin 1 ölkənin vətəndaşı olmasını tanıyır. Bu da o deməkdir ki, ikinci vətəndaşlıq varsa, cinayət əməli yoxdur. Amma şəxs qarşısında hüquqi münasibətlərdə şərt qoyur ki, sən ya buranın, ya da da başqa ölkənin vətəndaşısan. Təəssüf ki, insanlar haranın vətəndaşı olmasını sərbəst şəkildə seçir. Bu da müvafiq icra orqanları üçün çətin vəziyyət yaradır. Çünki belə anlarda qərar vermək üçün uzun sürən proseslərdən keçməlidir".


"Belə boşluğun səbəbi ölkələr arasında əlaqələrin yetərincə olmamasındandır"


"Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev bildirir ki, iki ölkənin vətəndaşı hər iki ölkə qarşısında bir çox mükəlləffiyyətlərə malikdir: "Bu, eyni zamanda cinayətkarlığın artmasına da gətirib çıxara bilər. Ona görə də bu məsələlər ciddi sürətdə tənzimlənməlidir. Aşkarlanma istiqamətində müəyyən tədbirlər görülməlidir. Əgr belə şübhələr varsa, Dövlət Miqrsiya Xidməti həmin ölkələrlə müvafiq əlaqələr yaratmalıdır".

Hüquqşünas əlavə etdi ki, belə boşluğun səbəbi ölkələr arasında əlaqələrinin yetərincə olmamasındandır: "Eyni zamanda bu şəxslərin aşkarlanması ilə bağlı da ciddi problemlər var. Həmçinin bizim sovetlər birliyində yaşamamız da bu məsələlərdə rol oynayır. Çünki o vaxtı ölkə ərazisində daimi miqrasiya, yerdəyişmə prosesləri baş verib. Bunu da praktiki olaraq aşkar etmək çox çətindir. İnsanlar üzərində başqa axtarışları da aparmaq olmaz. Şübhəhiz ki, bu təcrübəni öyrənmək lazımdır. Elə tənzimləmək lazımdır ki, vətəndaşlarımız da zərər görməsin. Bəzi vətəndaşlara münasibətdə əsassız olaraq əlavə yoxlanışlara, müəyyən məhdudlaşmalara gətirib çıxarmasın".


"Beynəlxalq praktikada bu cür problemlərin həllinin əsas üsullarından biri ölkələr arasında xüsusi razılığın əldə olunmasıdır"


Bakı Hüquq Mərkəzinin hüquqşünası, Azərbaycan Hüquq İslahtları Mərkəzinin baş koordinatoru Fərhad Nəcəfov bildirir ki, əgər Azərbaycan vətəndaşı olan şəxsin digər vətəndaşlığı da varsa, bu cür vəziyyətin şəxs üçün yaratdığı "münbit imkan"dan təbiidir ki, həmin şəxslər yararlanacaqlar: "Məsələn, şəxs hərbi xidmətdən yayınmaq üçün ikili vətəndaşlığından istifadə edərək vətəndaşı olduğu ikinci ölkədə gizlənərsə, Azərbaycanın qanunvericiliyinə əsasən, həmin şəxsin əməli hərbi xidmət keçməkdən boyun qaçırılması kimi qiymətləndiriləcək".

Hüquqşünas əlavə etdi ki, qanunvericiliyimiz vətəndaşlığın əldə edilməsi məsələlərində mötədil mövqe tutub: "Belə ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 14-cü maddəsi ilə vətəndaşlığa qəbul məsələsi tənzimlənir. Və həmin maddədə Azərbaycan vətəndaşlığına qəbul üçün "digər ölkənin vətəndaşlığından imtina edilməsi" şərti göstərilməmişdir. Təbii ki, qanunverici bu maddəyə qeyd olunan şərti əlavə etməklə onu daha da sərtləşdirə bilərdi, lakin vətəndaşlıq məsələləri qanunvericilik, siyasi və s. məsələlərdən başqa fərdi-psixoloji məqamları da ehtiva edir. Təsəvvür edin ki, kökləri azərbaycanlı olan əcnəbi şəxsin ölkəmizə gəlib bizim vətəndaşlığı qəbul etməsi ilə bağlı müraciətindən necə imtina etmək olar?! Yəni, dövlət bu durumda nə dərəcədə haqlı ola bilər?! Digər tərəfdən, bu gün dövlət vətəndaşlığa qəbulun şərtlərindən biri kimi digər ölkənin vətəndaşlığından imtina edilməsini qanunvericilikdə təsbit etdi. Və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən şəxs əvvəlki vətəndaşlığından imtina etdi. Bəs, kim həmin şəxsə təminat verə bilər ki, əvvəlki vətəndaşlığından imtina edən şəxsə Azərbaycanın vətəndaşlığı 100% veriləcəkdir?! Müvafiq orqanlar tərəfindən araşdırma aparıldıqdan sonra həmin şəxsin vətəndaşlığa qəbulundan imtina edilə də bilər. Bu zaman həmin şəxsin "vətəndaşlığı olmayan" şəxs kimi havada qalması, şəxs üçün problemlər yarada bilər. Bir də ki, nəzərə almaq lazımdır ki, Azərbaycan 1996-cı ildən etibarən BMT-nin "Vətəndaşsızlığın ixtisar edilməsi haqqında" 30 avqust 1961-ci il tarixli Konvensiyasına qoşulmuşdur. Bu Konvensiya, özlüyündə məhz vətəndaşsızlıq hallarının azaldılmasına yönəlmişdir ki, onun rakursundan "digər ölkənin vətəndaşlığından imtina edilməsi" məsələsi düzgün hesab olunmazdır".

Ekspert onu da bildirdi ki, beynəlxalq praktikada bu cür problemlərin həllinin əsas üsullarından biri ölkələr arasında xüsusi razılığın əldə olunmasıdır: "Yəni bir ölkələr bir-biri qarşısında öhdəlik götürür ki, onların vətəndaşları biri digərinin ölkəsində vətəndaşlıq üçün müraciət etdikdə, qəbul edən ölkə tələb edəcək ki, həmin şəxs vətəndaşı olduğu digər ölkənin vətəndaşlığından imtina etsin. Yaxud digər tədbir olaraq yuxarıda deyildiyi kimi, milli qanunvericiliyin daha da sərtləşdirilməsidir. Lakin bu cür üsulları fundamental insan hüquqlarının təmin edilməsi baxımıdan düzgün hesab oluna bilməz".