Heydər Əliyev Mərkəzinin keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

22 İyun 2013 15:40 (UTC+04:00)
Bu gün Bakıda Heydər Əliyev Mərkəzinin Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə elan etdiyi altı müsabiqədən beşinin nəticələri elan olunub.
Nəticələrin elan olunma mərasimində bildirilib ki, nəticələri elan olunan müsabiqələrdən başqa əsgərlər arasında keçirilən müsabiqənin nəticələri 26 İyun - Silahlı Qüvvələr günü ərəfəsində elan olunacaq.
Nəticələri bu gün elan olunan müsabiqələr isə gənclər arasında "Azərbaycanımla fəxr edirəm", müəllimlər arasında "Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm", jurnalistlər arasında "Azərbaycanın xarici siyasətdə ən böyük nailiyyəti", "Azərbaycan - beynəlxalq layihələrin təhlükəsiz ünvanı", "Azərbaycan xarici siyasətinin prioritetləri", rejissorlar arasında Azərbaycanın tanıtım video çarxların müsabiqəsi və əcnəbi fotoqraflar arasında olan "Azərbaycan əcnəbilərin gözü ilə" müsabiqələridir.
Bütün müsabiqələr üzrə I, II və III yerin qalibləri ilə yanaşı həvəsləndirici mükafatlar da olub. Qaliblərə kompüter, planşet və digər hədiyyələr paylanıb.
Mərkəzin rəhbəri Anar Ələkbərov çıxış edərək bildirib ki, Heydər Əliyev Mərkəzi bir sıra layihələr həyata keçirib: "Bunlar arasında 90 illik yubiley ərəfəsində keçirilən müsabiqələr ən maraqlı hadisələrdəndir".